Kriptovalyuta alqı-satqısı həyata keçirmək adı altında aldadan və onların kart məlumatlarını ələ keçirərək hesablardakı pulları oğurlayan şəxs saxlanılıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in naməlum şəxsin teleqram ani mesajlaşma sistemində elanlar yerləşdirərək şəbəkə istifadəçilərini beynəlxalq maliyyə birjalarında kriptovalyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə ediləcəyi adı altında aldadaraq onlara qarşı dələduzluq edildiyi barədə çoxsaylı müraciətlər daxil olub.
Müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd hərəkətləri törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elçin Novruzzadə saxlanılıb.
Müəyyən edilib ki, Elçin Novruzzadə əsasən xaricdən idarə olunan həmin teleqram profillərinin müxtəlif ölkələrdə yaşayan və şəxsiyyətləri istintaqla araşdırılan adminləri ilə cinayət əlaqəsinə girərək onlara müraciət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər verib. Elçin Novruzzadə, həmçinin 20-yə yaxın zərərçəkənin bank kartlarındakı məlumatları da ələ keçirərək hesablarda olan pulların oğurlanmasını və müxtəlif üsullarla xarici ölkələrdəki hesablara köçürülməsini təmin edib.
Faktlarla bağlı Elçin Novruzzadə barəsində Baş İdarədə araşdırmalar davam etdirilir.
“Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd olunub.