“Gənc Ailələrin I Forumu”nun açılış mərasimi keçirilib

“Gənc Ailələrin I Forumu”nun açılış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, sədr müavini Aynur Sofiyeva, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, deputat Rauf Əliyev, “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının icraçı direktoru Hüseyn Cavadzadə və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, layihənin keçirilməsində məqsəd gənc ailələri müxtəlif sahələrlə bağlı (kişi-qadın münasibətləri, hüquq, uşaq tərbiyəsi, təhsil, sağlamlıq, psixoloji məsələlər, büdcə planlaması və s.) maarifləndirməkdir.

B.Muradova layihənin uğurlu alınacağına inandığını bildirib: "Bütün ölkələrdə bu günlə bağlı tədbirlər keçirilir. Ailədə olan insanların hər birinin inkişafı hər kəsin marağındadır. İnsanın rifahı məsələsi hər zaman müzakirə mövzusudur. Bütün bunlar tarixi keçmişimizə, gələcək hədəflərimizə bağlıdır. İnkişaf üçün ilk mühit ailədir. Dövrümüzə məxsus ənənələr, mental dəyərlər var. Demokratik cəmiyyət üçün qanunlarımız mükəmməldir. Ancaq milli dəyərləri nəzərdə tutmayan qanun kağız üzərində qalır. Layihələrimiz beynəlxalq standartlara cavab verir. Azərbaycanda ailə hər şeydən üstün tutulur. Gənclərin inkişafı üçün daha bir addım atdığımız üçün çox şadam".

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, ailənin möhkəm formalaşması valideynlərin övladlarına necə örnək olmalarından asılıdır: "Elə dövrdə yaşayırıq ki, sanki bütün müsbət məqamlara qarşı savaş var. Ancaq Azərbaycan dövləti bu məsələyə ciddi yanaşır. Azərbaycan ailələri bir çox xalqlara nümunədir. Ulu Öndər Heydər Əliyevin ailəsinə olan münasibətini götürsək, ən gözəl nümunə üzə çıxar. Gənc ailələr məhz onları nümunə götürməlidirlər. Valideynlər övladlarını özləri kimi yox, özlərindən də yaxşı böyütməyə çalışmalıdırlar. Valideyn nə edirsə, övladı da ondan nümunə götürür. Övlad valideynini özünə yaxın, dost bilməlidir. Ailələrə qarşı telefon, kompyuter kimi təhdidlər var. Ailələrinizi qoruyun, böyüklərinizə hörmətlə yanaşın".

Deputat Rauf Əliyev isə çıxışında vurğulayıb ki, müasir dövrdə insanlar öz həyatlarında yeni mədəni münasibətlər əks etdirirlər: "Bu, ailə mühitində də öz yerini tapır. Bəzi gənclər sosial şəbəkələrə üstünlük verməklə mədəni münasibəti zədələyirlər. Boşanmaların əksəriyyəti bu cür hallardan qaynaqlanır. Keçmiş fəlsəfəni örnək götürmək lazımdır. Qeyri-hökumət təşkilatları məktəblərdə yuxarı siniflər üçün maarifləndirmə təşkil etsələr, çox yaxşı olar. Ailə cəmiyyətimizdə prioritet məsələdir. Gələcək Azərbaycan idarəetməsi gənclərin əlindədir".

Digər çıxışçılar Azərbaycan dövlətinin ailə mühitinin möhkəmliyində maraqlı olduğunu xatırladıblar. Bildirilib ki, dünyada ailə mühitinə böyük təhdidlər var, bunun üçün hətta maliyyə ayrılır. Bunun qarşısının alınması üçün hər bir vətəndaşın üzərinə böyük iş düşür. Cəmiyyətin formalaşmasının 70 faizi ailədən başlayır. Azərbaycana layiq, vətənpərvər, milli dəyərləri qoruyub saxlayan övladlar yetişdirmək önəmlidir.

Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində peşəkar təlimçi və ekspertlər tərəfindən fərqli interaktiv təlim və simulyasiyalar, habelə birgə müzakirələr, işçi qruplar formatında görüşlər və əyləncəli oyunlar həyata keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı