İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini vurğulayaraq, bu gün də bu siyasətin davam etdirildiyini bildirdi, özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu dedi. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini dedi, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı ərəb ölkələrinin həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmasını yüksək qiymətləndirdi və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çoxsaylı qətnamələr qəbul olunmasının önəmini qeyd etdi.

Azərbaycan Prezidenti 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdiklərini bildirərək, həmin ərazilərdə onların İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat verdi.

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq dedi: “Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq”.

Qonaq Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifənin və Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreynin Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi. Eyni zamanda, dövlətimizin başçısı dost və qardaş ərəb ölkələrinin rəhbərlərinə də öz ehtiramını çatdırdı.

Ərəb Parlamentinin Azərbaycana qardaş ölkə kimi münasibət bəslədiyini bildirən qonaq Fələstin problemi ilə bağlı göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Dövlətimizin başçısının Ulu Öndərin layiqli davamçısı olduğunu məmnunluqla qeyd edən qonaq Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətləri vurğuladı. O, Azərbaycanın İslam dəyərlərinin müdrikliyi əsasında inkişaf edən və bu dəyərlərin hökm sürdüyü bir ölkə olduğunu dedi.

Ölkəmizə ikinci dəfə səfər etdiyini bildirən Adel bin Əbdulrəhman əl-Asumi daha əvvəl Azərbaycana Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün gəldiyini diqqətə çatdırdı.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini təqdir etdiklərini bildirdi, ölkəmizin Hərəkatın təsisatlanması, beynəlxalq səviyyədə nüfuzunun artması istiqamətində çox ardıcıl siyasət həyata keçirdiyini məmnunluqla vurğuladı.

Azərbaycan Prezidenti ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirdi. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladı, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə etdi, bu cür meyilləri qınadığını dedi və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırdı.

Görüşdə Azərbaycanla İslam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırıldı, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Sonda qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi. Bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi dedi ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.


11:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı