Ceyhun Bayramov əsir hərbçilərlə bağlı BMT-yə məktub yazdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu bağlı BMT Baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.

Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə və digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusunun əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa və öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur.

Sosial şəbəkələrdə və digər ictimaiyyətə açıq mənbələrdə törədilmiş işgəncə və digər cinayət əməllərinin sübut olunmasına baxmayaraq, Ermənistan tərəfinin bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd etməsi BMT Baş Katibinin diqqətinə çatdırılır.

Bu məqsədlə, Azərbaycan əsgərləri ilə bağlı qondarma ittihamlarda “Məhkəmə prosesi”nin təşkil edildiyi və Aqşin Bəbirov barədə 11 il 6 ay 15 gün həbs qərarının verildiyinə etiraz bildirilir.

Məktubda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Ermənistan rəsmiləri tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaların verildiyi və bu cür məsuliyyətsiz davranışı ilə Ermənistanın beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymadığının bir daha nümayiş etdirildiyi qeyd olunur.

Ermənistan tərəfinin bu məsuliyyətsiz addımla ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə qarşılıq verməməsinin Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərdiyi diqqətə çatdırılır.

Ermənistan tərəfinin bütün bu təxribatçı addımlarının beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrə təsadüf etdiyi xatırlanır. Məktubda bildirilir ki, Ermənistan tərəfindən təşkil olunmuş qondarma “məhkəmə prosesi” iki ölkə xarici işlər nazirləri arasında Vaşinqtonda 4 gün davam edən danışıqlardan bir neçə gün sonra, Avropa İttifaqı və digər tərəfdaşların vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşü ərəfəsində baş vermişdir.

Məktubun sonunda BMT Baş Katibi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyəti pisləməyə və bu cür təxribatların dərhal dayandırılması, bu ölkənin öz beynəlxalq öhdəliklərinə uyğun olaraq girovluqda olan Azərbaycan əsgərlərini ləyaqət və həyatlarına hörmət prinsipi əsasında dərhal qeyd-şərtsiz azad etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı