YAP nümayəndə heyəti rəsmi ziyafətdə iştirak edib - FOTO

Mayın 30-da Çin Xalq Respublikasının Uhan şəhərində "Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri" mövzusunda keçirilən təqdimat mərasiminin iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib.

Metbuat.az xəbər verir ki, qonaqları salamlayan Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsi katibinin müavini, Hubey Əyaləti Xalq Hökumətinin qubernatoru Van Conlin Uhanın ev sahibliyi etdiyi tədbirin əhəmiyyətindən bəhs edib. O, postpandemiya dövründə daha sağlam bəşəriyyət və xoşbəxt gələcək naminə səylərin birləşdirilməsinin önəmli olduğunu bildirib.

Çin səciyyəli sosializm ideyası əsasında Hubeyin regional inkişaf nümunəsi yaratdığını söyləyən Van Conlin qazanılan təcrübənin dost ölkələrlə bölüşdürülməsinin və qarşılıqlı fikir mübadiləsi aparılmasının faydalı təşəbbüs olduğunu bildirərək tədbir iştirakçılarına minnətdarlıq ifadə edib.

Mərasimdə 30 ölkəni təmsil edən 170-dən çox nümayəndənin adından çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov belə bir mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə YAP nümayəndə heyəti adından təşəkkürünü bildirib. O, bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan müasir sosializm ideyasının Çin xalqının mənafeyinə xidmət etdiyini, Çin dövlətinin inkişafı üçün yeni imkanlar və perspektivlər yaratdığını söyləyib. Tahir Budaqov Hubey Əyalətinin sürətli inkişafının yeni dövr Çin xüsusiyyətli sosializm ideyasının uğurla həyata keçirilməsinin bariz nümunəsi olduğunu qeyd edib: "Bugünkü tədbir də cənab Si Cinpinin yeni dövr üçün müəyyən etdiyi Çin xüsusiyyətli sosializm quruculuğu istiqamətində əldə olunan nailiyyətlərin və mövcud reallıqların təqdimatı, gələcəyə baxış kontekstində yeni yanaşmaların ortaya qoyulması, yeni hədəflərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyətə malikdir".

Tahir Budaqov Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinin önəmindən bəhs edib, keçirilən görüşlərin faydalı və məhsuldar olduğunu diqqətə çatdırıb. "Səfər çərçivəsində istər Azərbaycan-Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi apardıq" ,- deyən YAP Sədrinin müavini Azərbaycan ilə Çin arasında müxtəlif sahələri əhatə edən səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib, 44 günlük Vətən müharibəsində qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan ölkəmizin regionda çoxşaxəli işbirliyinə və inkişafa xidmət edən təşəbbüslərindən bəhs edib, Zəngəzur dəhlizinin bütovlükdə Avrasiya üçün geostrateji əhəmiyyətini diqqətə çatdırıb.

YAP Mərkəzi Aparatının rəhbəri Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əməkdaşlıq əlaqələrinin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bildirib.

Çin xüsusiyyətli sosializm ideyası əsasında görülən işlərin ölkənin qüdrətini daha da artıracağına inamını ifadə edən Tahir Budaqov Çin xalqına rifah, firavanlıq və əmin-amanlıq arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı