Fəridin anası Prezidentə müraciət etdi

Xəbər verdiyimiz kimi, fevralın 20-də sevgilisini görmək üçün İrana gedən Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

Metbuat.az xəbər verir ki, Fəridin anası Dilarə Əsgərova bununla bağlı sosial media hesabında Prezidentə müraciət edib:

"Media mənsublarından, dostlardan, vətəndaşlardan xahiş edirəm - Prezidentə müraciətimi paylaşın! Prezidentin işə qarışmasını istəyirəm! Fərid İranda müdafiəsiz ittiham olunur. İstədikləri ən ağır cəzanı verə bilərlər. 3 aydır ki, İrana dostunu görməyə getmiş oğlum Səfərli Fəriddən xəbər ala bilmirəm. Dünən XİN-in mənə ünvanladığı məktubda oğlumun İranda casusluq maddəsi ilə saxlanıldığı bildirilir. Mən bu ittihamı rədd edirəm. Düşünürəm ki, Fərid iki ölkə arasındakı konfliktin qurbanı oldu.

Fərid öz üzərində daim çalışan, ana dilindən başqa 3 dildə sərbəst danışa bilən, kifayət qədər dünyagörüşü olan bir gəncdir. Onu tanıyan hər kəs-dostları, qonşular, qohumlar bunu təsdiq edə bilər. Almaniyada data analizi sahəsində ixtisaslaşmışdı və Laypsiq şəhərində bir şirkətdən iş təklifi almışdı. Bu ilin aprel ayından həmin şirkətdə işə başlayacaqdı. Belə bir insanın kiminsə təsiri altına düşüb casusluq etməsi absurddur. O, İrana sadəcə dostunu görməyə getmişdi.

Mehriban xanım, Fərid oğlunuz Heydərlə yaşıddır ve ADA universitetində tələbə yoldaşı olublar. Siz bir ana kimi məni daha yaxşı anlayarsınız. İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir ve onun indi nələr düşündüyünü təsəvvür edəndə içim yanır. Bir qarışqanı belə incitməyə ürəyi gəlməyən balamın saxta ittihamla, tamamilə təcrid olunmuş halda zindanda nələr yaşadığını ağlıma belə gətirmək istəmirəm.

Cənab Prezident, Fərid İranda müdafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm, Fəridin vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılmasına tapşırıq verəsiniz. Mən onun üçün çox darıxıram, onu görmək, bağrıma basmaq istəyirəm, ona müdafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm.

Mən inanıram ki, siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız.

Hörmətlə, Əsgərova Dilarə"



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı