"İran artıq Azərbaycan vətəndaşları üçün təhlükəli bir ölkədir" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlılara İrana səyahətlə bağlı növbəti xəbərdarlıq edib. Məlumatda bu ilin yanvarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən silahlı hücum xatırlanır.

XİN bunu terror aktı kimi qeyd edib. Bildirilib ki, həmin hücumdan sonra Azərbaycanın İrandakı təmsilçiliyi məhduddur. Bu səbəbdən Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməmək tövsiyə olunur.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Cavid Osmanov bildirdi ki, İran artıq Azərbaycan vətəndaşları üçün təhlükəli bir ölkəyə çevrilib. Millət vəkili İranda itkin düşən azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürüldüyü faktını xatırladaraq qeyd etdi ki, rəsmi Tehran Azərbaycan vətəndaşlarına qarşı qondarma ittihamlar irəli sürərək onları həbs edir:

Cavid Osmanov - millət vəkili

“Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda qondarma casusluq ittihamı ilə həbs olunması da İranın əsl üzünü göstərdi. Bu İran tərəfindən edilən ilk belə hadisə deyil. Hələ 2008-ci ilin oktyabr ayında azərbaycanlı alim Rəşid Əliyev də İranda uydurma bəhanə ilə həbs edilmişdi. İranın bu addımı atmaqda məqsədi Azərbaycan vətəndaşlarını hədə, təhqir yolu ilə əməkdaşlığa cəlb etməkdir”.

Millət vəkili hesab edir ki, Azərbaycan vətəndaşları İranın təhlükəli ölkə olduğunu nəzərə alıb, bu ölkəyə səfərlərdən imtina etməlidirlər:

“İrana səfər edən heç bir vətəndaşımızın təhlükəsizliyinə zəmanət yoxdur. Uzun müddətdir düşmənçilik siyasəti həyata keçirən İran, vətəndaşlarımızı min hiylə ilə həbs edərək ölkəmizə qarşı istifadə etməyə çalışır. Azərbaycanda İranın casus şəbəkəsinin ifşa edilməsi də bunu aydın şəkildə göstərir. Ümumiyyətlə, İran 44 günlük müharibədən sonra Azərbaycanın qələbəsini və regionda yeni reallıqlar yaratmasını həzm edə bilmir. Onlar tərəfindən ölkəmizə qarşı atılan addımların, ikiüzlü siyasətin mahiyyətində duran əsas səbəb də budur”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında açıqlama verərək bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana getməsi ilə bağlı xəbərdarlığı İsrail prezidentinin Bakıya son səfəri zamanı apardığı siyasətin eynisidir.

Nasir Kənani - İran XİN sözçüsü

“Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, İsraildir. Bizim siyasətimiz hələ də vizanı ləğv etmək və azərbaycanlı bacı-qardaşlarımıza qollarımızı açmaqdır. Qarşılıqlı hörmət çərçivəsində təbii ki, qonşuluq siyasətinin davam etdirilməsi gündəmimizdə əvvəldə gəlir”,- deyə Kənani qeyd edib.

AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, politoloq Elnur Kəlbizadə Kənaninin iddialarını tamamilə əsassız, absurd hesab edir. Saytımıza açıqlamasında politoloq bildirdi ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərdə gərginliyin yenidən artması heç də İsrail prezidentinin Azərbaycana səfəri ilə bağlı deyildir:

Elnur Kəlbizadə

“Azərbaycan XİN-in vətəndaşları İrana getməmək ilə bağlı çağırışlarının İsraillə heç bir əlaqəsi yoxdur. Bu çağırışların səbəbi ondan ibarətdir ki, bir müddət öncə İran İslam Respublikası öz ərazisində yerləşən Azərbaycanın səfirliyinin təhlükəsizliyini qoruya bilməyib. İran polisinin gözü qarşısında terrorçu səfirliyə hücum etdiyi halda, bunun qarşısını almaq üçün ciddi addımlar atılmadı. Son dövrlərdə də azərbaycanlı tələbənin İran İslam Respublikasına səfərini hansısa formada siyasiləşdirmək cəhdləri gördük. Həmin tələbə qanunsuz olaraq saxta ittihamlarla həbs olundu. Ümumiyyətlə, Azərbaycan tərəfi hesab edir ki, İran İslam Respublikasında azərbaycanlıların təhlükəsizliyinə təminat yoxdur. Vətəndaşının taleyi üçün məsuliyyət daşıyan bir dövlət olaraq Azərbaycan Respublikası da bu şəkildə müraciət ünvanlamışdır”.

E.Kəlbizadə qeyd etdi ki, Azərbaycan hər zaman praktikada da, nəzəriyyədə də siyasi bəyanat şəklində göstərib ki, Azərbaycan özünün müstəqil xarici siyasətini yürüdür. Politoloq xüsusilə vurğuladı ki, ölkəmizin müstəqil xarici siyasəti hansısa təzyiqlərlə məhdudlaşdırmaq cəhdləri heç bir xarici dövlətə nəsib olmayıb, bundan sonra da bunu etməyə müəssər olmayacaqdır:

“Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrdə bütün ölkələrlə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində qurur. Dəfələrlə rəsmi səviyyələrdə bəyan olunub ki, Azərbaycanın bir ölkə ilə, bir dövlətlə münasibətləri əsla və əsla digər bir dövlətə qarşı yönəlməmişdir. Xüsusən Azərbaycanın ABŞ, İsrail kimi ölkələrlə qurduğu münasibətlərlə əlaqələr bizim qonşularımıza qarşı, İran İslam Respublikasına qarşı yönəlməmişdir və bununla paralel İran dövləti, onların siyasi rəhbərliyi aydın şəkildə başa düşməlidir ki, Azərbaycan-İran münasibətlərinin normal olmasının yolu, təzyiqlər, bu cür əsassız ittihamlar ilə mümkün deyildir. Hesab edirəm ki, mehriban qonşuluq siyasətinin yürüdülməsi, xarici siyasətdə təzyiqlərdən əl çəkilməsi hər iki ölkə üçün faydalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə dərc edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı