Azərbaycanda cütlüyün məsciddəki görüntüsü gündəm oldu - VİDEO

Azərbaycanda nikaha girən cütlük dini kəbinlə bağlı izdivaclarını məsciddə reallaşdırıb. Cütlük evli olduqları müddətdə bir-birlərinin şərəf və ləqayəqinə ləkə gətirməyəcəklərinə hər kəsin qarşısında and içiblər. Əjdərbəy məscidinin axundu Cavid Məmmədovun iştirakı ilə baş tutan dini kəbinlə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə yol açıb.

Metbuat.az bildirir ki, Azərbaycanda geniş yayılmayan və adət halını almayan bu mərasim ictimaiyyətdə birmənalı qarşılanmayıb. "Bizim.Media"ya bu barədə danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə əslində bu cür kəbin xristian üsuludur:

“Kəbin kişinin və qadının razılığı, hər iki valideynin, yaxud da vəkillərin mütləq iştirakı ilə icra olunur. Bu, Britaniya şiəliyidir”.

Sözügedən videogörüntüdə dini kəbini icra edən Cavid Məmmədov isə son vaxtlar bu cür mərasimlərin adət halını aldığını və icra etmək üçün restoranlara dəvət olunduğunu bildirib:


“Şəriətdə və dində, xüsusən kəbinin məsciddə kəsilməsi ilə bağlı hədis var. Peyğəmbərimiz buyurur ki, kəbini məsciddə kəsin. Sözügedən videoda bəylə gəlinin mərasimi sondan bir-iki parça paylaşılıb. Öncədən Quran oxunur və tədbir iştirakçıları həmin Qurandan faydalanır. Sonra bəylə gəlinin valideynlərindən halallıq və xeyir-dua istənilir.

Məsələ qızla oğlana gəlir. Onların fikri soruşulur. Bəlkə onlar məcburi evləndirilir. Çünki məcburi nikah dində qadağandır. Beləliklə cütlüyün şəriət izdivacına razılığını və vəkilliyni alıram. Nikaha aid ayələr oxunur və Peyğəmbərimizdən evlilik haqqında hədislər nəql olunur. Müqəddimat işləri bitəndən sonra kəbinə gəlinir. Şəriətdə bəylə gəlin əslində özü-özünün kəbinini kəsməlidir. Müsəlmanlar öz şəriət vəzifəsini bilmədiklərinə görə bir din xadimini vəkil edirlər.

Azərbaycanda bu, artıq adət olub. Beləliklə xüsusi şəriət cümlələri ilə kəbin kəsilir. Kəbin kəsiləndən sonra bəylə gəlinə ümumi dua və amin deyilir. Daha sonra birinci bəydən, sonra isə gəlindən ailə hüquqi haqqında bir-birinə söz verməsi tərəfimdən icra olunur.

Peyğəmbərdən gələn hədisləri nəsr halında bəylə gəlinə deyirəm, əgər qəbul etmirlərsə, bunu da bildirirlər. Olub ki, gəlin bəyə şərt qoyub ki, evli olduğu müddətdə başqa heç kəslə evliliyi olmayacaq. Bəy qəbul etməyib. Nadir hallarda olub ki, bəy gələcək həyat yoldaşı ilə evlilik bağını möhkəmləndirməyə razı olmayıb. İnsandır, özünə arxayın olmadığı üçün bu sözü vermək istəməyib. Amma ümumi hallarda hamı razılığını bildirib”.

Cavid Məmmədov sözügedən işi niyə icra etdiyinə də aydınlıq gətirib. O, deyib ki, Azərbaycanda ailə bağlarını möhkəmləndirmək üçün bu işi öhdəsinə götürür:

“İstər-istəməz hər ailədə narahatlıq və problem yaranır. Kəbin şahidliyi tədbirdə iştirakdan və ya xeyir-dua verib getməkdən ibarət deyil. Bəylə gəlin arasında hər hansı narahatlıq yaransa və ona xəbər yetişsə, müdaxilə edib cütlük arasındakı soyuqluğu istiliyə çevirmək şəriət vəzifəsidir.

Bəylə gəlini niyə bir-birinin qarşısında söz verdirirəm? Ona görə ki, onların arasında sabah problem yaranacaq. Məsələn, oğlan qıza xəyanət edəcək, yaxud qız pis gündə oğlanı tərk edib anasının evinə gedəcək. O zaman mən müdaxilə edib söz verdikləri cümlələri onlara xatırladacağam. İstər-istəməz vicdanı olan insanda müəyyən qədər dəyişiklik olmalıdır. Mənim Azərbaycanda olan bütün axund və imamlardan fərqli olaraq bu addımları atmaqda məqsədim ailə bağlarını gücləndirməkdir”.

Cavid Məmmədov dini kəbinlər üçün şadlıq saraylarına da getdiyini vurğulayıb:

“Özüm gedirəm və bəyə təklif edirəm ki, məscidə də gələ bilərlər. Bu, ömürdə bir dəfə olan bir şeydir. Çoxları məscidə getmir, amma məscid onların yanına gedir və 5-10 dəq onlara xoş təəssürat bəxş edib cütlüyü Allaha tapşırırıq. Din xadimləri də deyir ki, axı biz belə şeyə adət etməmişik. Onlara cavab verirəm ki, heç bir mərasimdə dinin əleyhinə addım atmıram. Orada hər bir addım ya Quran ayəsidir, ya da Peyğəmbərimizdən gələn bir hədisdir”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı