Bu rayonda yenidən sel təhlükəsi yarandı

Biləsuvar rayonunda yenidən sel təhlükəsi yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saat 06:00-dan başlayaraq İran ərazisindən təxminən 50-55 kubmetr/saniyə sürəti ilə böyük su kütləsinin Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olması nəticəsində sel təhlükəsi yaranıb.

Sel sularının qarşısının alınması məqsədilə yerli icra hakimiyyətinin, rayon polis şöbəsinin, FHN-in Şirvan-Salyan Regional bölməsinin və aidiyyəti idarə, müəssisə və təşkilatların iştirakı ilə yaradılmış qərargahın rəhbərliyi ilə gecə boyu texnikalar vasitəsilə çay üzərində qabaqlayıcı tədbirlər həyata keçirilib.

Bolqarçay su anbarında yığılmış su kütləsi vaxtında boşaldılaraq daxil olan sel sularının bir hissəsi su anbarına, digər hissəsi Mahmudçala ərazisinə yönəldilib.

Bundan əlavə çayın müxtəlif hissələrində bəndvurma və sahilbərkitmə işləri aparılıb. Hazırda Bolqarçayda suyun səviyyəsinin artması davam etsə də, görülmüş tədbirlər nəticəsində, sel suları heç bir dağıntı və təlafata səbəb olmayıb.

Selin yarada biləcəyi fəsadların qarşısının alınması və sakinlərin təhlükəsizliyi məqsədilə çayboyu yerləşən yaşayış məntəqələrinin icra nümayəndələrinə xəbərdarlıq edilib ki, lazım gələrsə əhalini məlumatlandırmaları üçün hazırlıqlı olsunlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı