Bakı, 3 iyun, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) coğrafiya fakültəsində coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrə “İqtisadi coğrafiyanın nəzəri əsasları” adlı yeni fənn tədris ediləcək.
Bu barədə BDU-nun iqtisadi və sosial coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru, əməkdar müəllim Tapdıq Həsənov AZƏRTAC-a eksklüziv müsahibəsində məlumat verib. Alim qeyd edib ki, bu fənn üzrə hazırda proqram hazırlanır. Həmin proqram əsasında isə yaxın zamanlarda dərslik hazırlanacaq.
Dərslikdə iqtisadi coğrafiyanın nəzəri əsaslarının mahiyyəti, formalaşma mərhələləri, ideyaları əksini tapacaq. Eyni zamanda, kitabda təbii ehtiyatlar, dünya əhalisi, millətlər, irqlər, məşğulluq və miqrasiya məsələləri və s. barədə məlumat veriləcək.