Bu ərazilərdə siqaret satışı qadağan olunsun - Millət vəkili

Bir çox ölkələrdə siqaret qiymətləri yüksək olsa da, Azərbaycanda bu rəqəmlər hətta azyaşlılar üçün də münasibdir. Hazırda bazarda 1 manata filtersiz siqaretlər təklif olunur. Bəs siqaret qiymətlərini artırmaqla azyaşlıların tütün məmulatlarına əlçatanlığını azaltmaq mümkündür?

Bununla bağlı iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov fikirlərini Metbuat.az ilə bölüşüb. O deyib ki, siqaret və tütün məhsullarına əlçatanlığın azaldılması üçün bir sıra qaydaların tətbiqini vacib sayır:

“Xüsusən azyaşlıların siqaret və digər tütün məmulatlarına əlçatanlığın azaldılması üçün məktəblər, eləcə də təhsil ocaqlarına yaxın ərazilərdə tütün məmulatlarının satışının qadağan edilməsi və məhdudlaşdırılması daha məqsədəuyğundur. Çünki həmin ərazilərdə siqaret satışı bir növ bir təşviqedici xarakter daşıya bilər”.

Millət vəkili problemdən çıxış yolu kimi siqaretin qiymətinin yüksəldilməsini səmərəli hesab etmir:

“Qiymətin artırılması tələbin azalması baxımından düzgün sayılmır. Çünki qiymət bazarda tələb və təklifə, eyni zamanda onun xərcinə uyğun olaraq müəyyənləşməlidir. Daha çox digər maarifləndirilmə ilə bağlı işlər aparılmalıdır. Xüsusən qapalı yerlərdə siqaretin çəkilməsi qadağası tətbiq edilsə də, buna riayət edən az insan var. Bunun da icrası üçün ciddi nəzarətin formalaşmasına ehtiyac var. Nəticədə biz bu sahədə azyaşlıların siqaretə əlçatanlığının azalmasını müşahidə edə bilərik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı