Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 11-də Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinə toxunan Dövlət Komitəsinin sədri Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoann Pavel və Papa Fransiskin Azərbaycana səfərlərinin bu əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun layihələri sayəsində Vatikanda bir çox tarixi abidələrin, o cümlədən katakombaların bərpasına nail olunmasının xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə etdiyini vurğulayıb. İkitərəfli əlaqələrimizin Azərbaycandakı katolik icmasına münasibətdə də özünü göstərdiyini qeyd edən Dövlət Komitəsinin sədri Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə katolik məbədinin tikilməsi üçün torpaq sahəsi ayrıldığını, bu kilsənin hazırda paytaxtımızın görünüşünə xüsusi gözəllik verdiyini qeyd edib.

Daha sonra ölkəmizdəki tolerant və multikultural mühitdən söhbət açan DQİDK sədri bildirib ki, Azərbaycanın dövlət-din münasibətləri modelini möhkəmləndirən amillər içərisində dini müxtəlifliyin və mütərəqqi dini dəyərlərin qorunması, dinlərarası dialoqun inkişafı mühüm yer tutur. Dini sahədə dövlət siyasəti dövlətin dünyəviliyi, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanır. Xristianlığın Azərbaycanda çox qədim tarixə malik olduğunu bildirən M.Qurbanlı bölgəmizdə ilk xristian kilsələrinin Qafqaz Albaniyası dövləti tərəfindən inşa edildiyini qeyd edib. O, ölkəmizdə rəsmi olaraq 26 xristian dini icmanın qeydiyyatdan keçdiyini, 16 kilsənin fəaliyyət göstərdiyini, mütəmadi olaraq dini ibadətgahların inşa və əsaslı bərpa edildiyini, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası” da daxil olmaqla dini qurumlara maliyyə yardımları ayrıldığını deyib. Dövlət Komitəsinin Azərbaycandakı katolik icması ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərimiz barədə də danışan Dövlət Komitəsinin sədri Bakının mərkəzində erməni kilsəsinin qorunub-saxlanılmasına diqqət çəkib. DQİDK sədri bu tolerantlığın müqabilində Ermənistan tərəfinin işğaldan azad olunmuş ərazilərimizdə mədəniyyət abidələrimizi, o cümlədən məscidlərimizi dağıtdıqlarını qeyd edib.

Səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilməsindən məmnunluğunu ifadə edən Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycanın təqdim etdiyi tolerantlıq və birgəyaşayış nümunəsinin önəmini vurğulayıb. Həmçinin Heydər Əliyev Fondunun bəşəri missiyasına toxunan qonaq dövlətimizin katolik icmasına göstərdiyi qayğını, insanların mənəvi ehtiyaclarının ödənilməsinə yaradılan şəraiti yüksək qiymətləndirib.

Azərbaycanın Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarovun da iştirak etdiyi görüşün sonunda qonağa Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən bəhs edən kitablar təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı