Bir ildir yaradılan quruma niyə rəhbər təyin olunmur? - RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyevin 2022-ci il, 20 aprel tarixində imzaladığı fərmanla Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb. Fərmanla Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Ötən ilin noyabrında isə Agentliyin Nizamnaməsi təsdiqlənib. Nizamnamə fondu 100 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Lakin fərmanın üzərindən 1 il keçməsinə baxmayaraq hələ də Agentliyə rəhbər təyin olunmayıb.

Metbuat.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova sorğumuza cavab olaraq bildirdi ki, hazırda bu yöndə işlər davam edir. Qısa zamanda rəhbər təyinatının olacağı gözlənilir:

"Kino Agentliyi ilə bağlı bütün sənədləşmə, proseslər həyata keçirilir. Mədəniyyət Nazirliyinin ən önəmli tərəflərindən biri menecerlərin, idarəedicilərin doğru və professional dəyərlərə uyğun seçilməsidir. Bu da asan proses deyil, zaman tələb edir. Bu mütəxəssislər asan yolla tapılmır. Kino Agentliyi bu an bizim üçün çox önəmli təsisatdır. Dövlət onun qarşısında yeni istiqamətlər qoyub. Burada tək kino istehsalı yox, bu istehsalın ətrafında olan bütün proseslərin yenilənməsi nəzərdə tutulub.

Kino Agentiyi yeni bir fəaliyyət sahəsidir. Ona görə də daha peşəkar, kifayət qədər sahəyə bələd olan, təcrübəsi olan bir rəhbərin olmağı önəmlidir. Əsas məsələ, hazırda Agentliyin fəaliyyəti komanda şəklində idarə olunur. Vacib olan Agentliyin fəaliyyət istiqamətidir. Bu sahədə bizim üçün vacib olan rəhbərin kim olub-olmamasından asılı olmayaraq, Agentliyiin sağlam fəaliyyətini təşkil etməkdir. Bu istiqamətdə qısa müddətdə kadr təyinatı da gerçəkləşdiriləcək".

Qeyd edək ki, bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.

Azərbaycan Respublikası Kino Agentliyi film layihələri müsabiqəsi elan edib. Müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək. Müsabiqə və ARKA-nın gələcək fəaliyyəti milli kinematoqrafiya sahəsindəki yaradıcı şəxslərə dəstək olacaq, bu istiqamətdə çalışan kino sənayesi aktorlarının fəaliyyətini stimullaşdıracaq, kino mühitinə yeni adlar qazandıracaq. Dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində də işlər aparılır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı