"Hesabıma qızıl balıq yeyirdin" - Bacıların 1 milyonluq məhkəməsi

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun məhkəməsi yekunlaşmaq üzrədir.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə sənədlərin tədqiqi mərhələsi keçirilir. Budəfəki prosesdə A. Əliyevanın yazdığı, iş materiallarına daxil olan ərizə elan olunub.

Ərizədə yazılıb ki, eks-bələdiyyə sədri həbs edilməzdən bir müddət əvvəl, istintaqın gedişindən narazı qaldığı üçün intihara cəhd edib. A.Əliyeva deyib ki, əsassız olaraq ittiham edildiyi üçün intihar məqsədilə özünü dənizə atmaq istəyib.

Təxminən 50 dəqiqə davam edən prosesdə iş üçün əhəmiyyət kəsb edən daha bir neçə sənədə baxış keçirilib. Proses boyu müşahidə etdiyimiz əsas məqam isə birgə ittiham olunan bacıların bir-birinə soyuq münasibət göstərməsi oldu.

İclasın sonunda məlum oldu ki, bu aralar bacıların münasibəti heç də yaxşı deyil.

A.Əliyevanın bacısına əsəbi halda dediyi sözlərdən aydın oldu ki, bacısı ev dustaqlığına buraxıldıqdan sonra onunla soyuq davranır, onu görmək üçün cəzaçəkmə müəsisəsinə gəlmir:

“Mənim hörmətimə Kürdəxanıda qızıl balıq yeyirdin. Hamısı mənə görə idi! 7 ay içəridə qaldın, özün hər şeyi gördün. Bütün işlərdə sən də mənimlə olmusan, ağlını başına qoy! Meymunun boğazına su dolanda balasını ayağının altında qoyur. Məni o həddə çatdırma!”

İ.Turkut gülümsəyərək bacısını sakitləşdirməyə çalışıb, cümə günü cəzaçəkmə müəsisəsinə gedəcəyinə söz verib.

İş üzrə növbəti proses iyulun 18-i keçiriləcək.

Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Turkut 2021-ci ildə həbs ediliblər.

A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İ.Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdədir. İ.Turkut isə ibtidai istintaqın sonunda ev dustaqlığına buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı