"Heç kimi məcbur edən yoxdur ki, bahalı restorana getsin" - Ekspert

“Bu gün Azərbaycanda, əsasən də turizm zonalarında, dəniz sahilində fəaliyyət göstərən iaşə obyektlərində bir qədər hərc-mərclik yaranıb. Necə istəyirlər, elə də qərar verirlər, həm vətəndaşlarımızın, həm də turistlərin istehlak hüquqlarını kobudcasına pozurlar”.

Bu sözləri Metbuat.az-a iqtisadçı-ekspert Fuad İbrahimov deyib. Onun sözlərinə görə, müştərilərə Nazirlər Kabinetinin iaşə obyektlərinin idarə olunması ilə bağlı xüsusi qərarı ilə təsdiqlənmiş, kalkulyasiya olunmuş menyu verilmədiyi təqdirdə, ödəniş hansısa göydəndüşmə qiymətlərə əsasən hesablanarsa, bu halda vətəndaşlar İqtisadiyyat Nazirliyinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı müraciət edə bilərlər:

“Sovet dövründə bütün iaşə obyektlərində, xüsusi olaraq gündəlik kalkulyasiya var idi. Ona menyu deyirdilər. Hər gün restoranın, iaşə obyektinin administratoru onu möhürləyib gündəlik menyunu təsdiq edərək, müştərilərə təqdim edirdi. Həmin menyuda konkret olaraq təklif olunan yeməklərin qiymətləri, eyni zamanda da müəyyən “servis pulu” barədə yazılırdı. O vaxtı buna “çayevoy” deyirdilər, yəni, “çay pulu”.

Dünyanın hər bir yerində müxtəlif formatlarda “servis haqqı” anlayışı var. Məsələn, dəniz səyahətlərində mütləq şəkildə bütün sərnişinlərdən əlavə olaraq o “servis haqqı” çıxılır. Bu da təqribən 10-20 avro arasında olur. Bu gün Azərbaycanda da heç kim bu qaydaları ləğv etməyib. Sadəcə olaraq, bizdə menyu deyilən göstərici itib. Restoranlar ümumi hesaba “servis xidməti”ni əlavə etsələr də, bu məsələ vətəndaşın yanaşmasından asılıdır”.

Bunun qanun pozuntusu olmadığını ifadə edən ekspert qeyd etdi ki, belə vəziyyətlərlə rastlaşmamaq üçün vətəndaşlara tövsiyə olunur ki, dəbdə olan restoranları seçməyərək, istehlak hüquqlarını bəri başdan qorusunlar:

“Əgər vətəndaş belə bir məkana gedəcəksə, heç olmasa telefonla da olsa, menyu ilə maraqlansın. Bizim ümumiyyətlə vətəndaşlarda saymaqla bağlı problem yaranıb. Bəziləri sifariş verdiyi yeməyi, içkini hesablamağa maraq göstərmir. Bunu ayıb hal kimi qiymətləndirirlər. Bir az elə şeylərdən çəkinmək lazımdır. Əgər qarşı tərəf utanmırsa, sizin hüquqlarınızı pozursa, müştəri şübhəsiz ki, adekvat reaksiya verməlidir.

Son zamanlar sosial şəbəkələrdə bahalı restoranlarda yeyib-içdikdən sonra servisdən narahat olan müştəri şikayətlərini görürük. Heç kim onları məcbur həmin məkanlara getməyə məcbur etməyib. Mən heç vaxt imkan verməmişəm ki, hansısa restoranda, iaşə obyektində kimsə mənimlə belə rəftar etsin. Vətəndaşın özündən də çox şey asılıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı