Nəqliyyat sənədlərinə dair tələblər dəyişir

Nəqliyyat sənədlərinə dair tələblər dəyişir.

Metbuat.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan qanuna görə, sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq formada tərtib edilən yol vərəqəsi ilə rəsmiləşdirilir. Layihəyə əsasən, bu sahədə elektronlaşma aparılacaq. Başqa sözlə, sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdiriləcək.

    Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirilməsinə yol verilməyəcək. Bilet-uçot vərəqi şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron formada doldurulan sənəddir.

    Qüvvədə olan qanuna görə, qeyri-müntəzəm sərnişin daşınması müvafiq formada tərtib edilən formulyar (sərnişinlərin siyahısı) ilə rəsmiləşdirilə bilər. Layihəyə əsasən isə taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla, qeyri-müntəzəm sərnişin daşınması formulyar vasitəsilə rəsmiləşdiriləcək. Formulyarın formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilməyəcək.

    Formulyar qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan sənəd olacaq.

    Hazırda avtomobil nəqliyyatı ilə yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdirilir. Layihəyə görə, əmtəə-nəqliyyat qaiməsi də elektron olacaq. Beləliklə, avtomobil nəqliyyatı ilə yüklərin daşınması elektron əmtəə-nəqliyyat qaiməsi və ya sifariş-tapşırıq ilə rəsmiləşdiriləcək.

    Avtomobil nəqliyyatı ilə yük daşınmasının rəsmiləşdirilməsi də elektronlaşdırılacaq. Hazırda avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilirsə, dəyişikliyə görə avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada doldurularaq elektron əmtəə-nəqliyyat qaiməsi əsasında həyata keçiriləcək.

    Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

    Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı