“2023-cü il iyunun 15-də Laçın sərhəd nəzarət buraxılış məntəqəsindən sərbəst gediş-gəlişi həzm edə bilməyən Ermənistan növbəti hərbi təxribata əl atıb, keçid məntəqəsi istiqamətində atəş açılıb və nəticədə bir Azərbaycan sərhədçisi yaralanıb”.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli Daimi Şurasının iclasında Ermənistan XİN rəhbərinə cavabında deyib.
Səfirin sözlərinə görə, erməni qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin istifadə etdiyi yolu atəşə tutması məsuliyyətsiz addım olmaqla yanaşı, bu yoldan istifadə edən mülki əhalinin həyatını təhlükəyə atır və onların keçidinə mane olur: “Bu təxribatın yaratdığı ciddi təhlükəsizlik problemlərinə baxmayaraq, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tibbi məqsədlər üçün keçid məntəqəsinin fəaliyyətini bərpa edib. Bununla belə, Laçın yolundan qeyri-qanuni fəaliyyət üçün sui-istifadə etmək cəhdləri dayanmır. Belə ki, 2023-cü il iyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti BQXK-nın avtomobillərində müxtəlif növ malların qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdlər edilib və bunun da buraxılış məntəqəsindən keçidin müvəqqəti dayandırılmasına səbəb olduğunu bildirilib. Bu hadisələrlə bağlı açıqlama yayan BQXK-nın bu faktı təsdiqləməsi bir daha nümayiş etdirdi ki, yol boyu şəffaflığın təmin edilməsi üçün nəzarət-buraxılış məntəqəsinin yaradılması əslində gecikmiş bir tədbirdir”.
Rövşən Sadıqbəyli vurğulayıb ki, Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə hərəkətin müvəqqəti dayandırılmasından sonra BQXK tibbi təxliyə fəaliyyətini bərpa edib: “Bundan başqa, Azərbaycan yaranmış vəziyyətin mümkün mənfi təsirini ciddi qəbul edərək, Ağdam-Xankəndi yolu ilə erməni sakinlərə humanitar yüklərin daşınmasını asanlaşdırmağa hazır olduğunu bildirib. Bu faktlar bir daha nümayiş etdirir ki, Laçın yolunda qondarma “blokada” ilə bağlı deyilənlər əvvəldən əsassızdır. Belə ki, Laçın yolu ilə bağlı bütün çağırışlar və humanitar çatdırılmaların təmin edilməsi Ermənistana yönəldilməlidir. Bu yolun normal tənzimlənən keçidinə ya təxribat, ya da qarayaxma kampaniyası ilə mane olan Ermənistandır.
Azərbaycanın yol boyu hərəkətə hansısa formada mane olması ilə bağlı ittihamları qəbul etmirik. Biz Ermənistan tərəfini bu humanitar məsələni siyasiləşdirməyə son qoymağa və Ağdam-Xankəndi yolu ilə çatdırılmaya mane olmamağa çağırırıq”. Səfir onu da qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) 6 iyul 2023-cü il tarixli son qərarı Ermənistanın Azərbaycan tərəfindən sərhəddə keçid məntəqəsi yaratması ilə bağlı iddialarını mahiyyətcə rədd edib: “Azərbaycan öz suveren hüququ çərçivəsində bu keçid məntəqəsini sərhəddə quraşdırmaq üçün hərəkət edib”.