"Meydanda sanki böyük bir güc var idi" - Qurbanov

“Azarkeşlərimizə, futbolçularıma təşəkkür edirəm. Meydanda sanki böyük bir güc var idi. Futbolçularımla azarkeşlərim birləşmişdi”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçii Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”la Bakıdakı cavab oyunundan (1:1) sonra “CBC Sport”a açıqlamasında deyib.

Görüş heç-heçəilə başa çatsa da, Polşa təmsilçisi ilk matçda qalib gəldiyi üçün (3:2) mərhələ adlayıb.

Q.Qurbanov görüşləri dəyərləndirərkən komandasının yaxşı mübarizə apardığını və futbolçularından razı qaldığını qeyd edib:

“İnanın ki, oyunçularımızın hamısından razı qaldım. Niyə? Çünki belə bir havada 90 dəqiqə rəqibin üzərinə getmək o qədər də asan deyil. Çox intizamlı, bərk komandaya qarşı oynayırdıq. Xeyli qol epizodlarımız oldu, sadəcə istifadə edə bilmədik. Amma bu komandaya ümidim böyükdür. Yeni bir komanda formalaşır. Qarşıda 3-4 ilin komandasını formalaşdırmaq istəyirik. Məncə, bunu bacaracağıq. Bu məğlubiyyəti tez yaddan çıxarmalı və növbəti oyunlarımıza diqqət ayırmalıyıq”.

Məşqçi “Qarabağ”ın yaratdığı hücum epizodlarından danışıb:

“Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Bir-birimizi yaxşı analiz etmişdik. Biz rəqibin imkan verdiyi qədər hücum edirik. Sonadək öz oyunumuzdan əl çəkmədik. Rəqib get-gedə bizim hücumlarımıza tab gətirə bilmirdi. Son 15 dəqiqədə bütün oyuna yetəcək qədər qol şanslarımız oldu”.

Ağdam təmsilçisi yoluna Avropa Liqasının 3-cü təsnifat mərhələsində davam edəcək. Q.Qurbanov bu barədə deyib:

“Avropa Liqasına düşmək mütləq ruh düşkünlüyü olacaq. Çünki futbolçular çox istəkli idilər. Gördünüz ki, oyundan sonra necə məyus oldular. Amma bu, bizim işimizdir. Sonadək mübarizə aparmalıyıq. Avropa Liqasının qrup mərhələsinə düşmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Görüşün 60-cı dəqiqəsində fərqlənməyi bacaran Redon Cica 70-ci dəqiqədə Hamidu Keyta ilə əvəzləndi. Mütəxəssis isə bunun xüsusi bir səbəbinin olmadığını bildirib:

“Oyunun gedişatına görə bir az həm gücü, həm də sürəti daha da artırmaq lazım idi. Rəqibin müdafiəçiləri güclü idi. Sürət və güc artırmaq üçün bu addımı atdıq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı