Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 4A ünvanında yerləşən “Xətai-7” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib.
Metbuat.az FHN-ə istinadən bildirir ki, təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.