Medianın sülhyaratma prosesində rolunu ehtiva edən nəzəriyyələr

Beynəlxalq təşkilatların mövzuya baxışı

Beynəlxalq statuslu jurnalist təşkilatlarının koordinasiya platformalarından olan “Sərhədsiz Media Azadlığı Koalisiyası”nın (Free Press Unlimited ) hesabatında qeyd edilir ki, müharibənin bitməsi və atəşkəs razılaşdırmasının imzalanması sülhün yaranması üçün kifayət etmir: “Davamlı, dayanıqlı sülhün əldə edilməsi üçün münaqişə tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Cəmiyyətlərin sülhə hazırlanması prosesində isə medianın rolu önəmlidir”.

Platforma mütəxəssislərinin rəyi budur ki, münaqişələr fərqli motivlər üzərində baş verirlər, savaş alətlərinə görə fərqlənirlər. Amma münaqişələrdən sonra başladılan sülhyaratma prosesində oxşar metodlardan, bənzər alətlərdən istifadə edilir.

Almaniyada mənzillənən, məşhur trans-milli KİV-lərdən hesab olunan “Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və Münaqişə Hesabatı”nda da əsaslandırılır ki, münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında dayanıqlı sülhün yaradılması üçün vacib olan elementlərdən biri KİV-lərdir. Media cəmiyyətləri sülhün faydaları barədə məlumatlandıra bilir; münaqişədə olmuş cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşdırılması üçün alət rolunda çıxış edir.

Həm “Sərhədsiz Media Azadlığı Koalisiyası”nın, həm də “Deutsche Welle” ilə VERDİ-nin hazırladıqları hesabatlarda ortaq fikir budur ki, məlumat gücdür, ictimai rəyə təsir edir, münaqişədə olmuş icmalarda qavrayışları dəyişdirə bilir. Bir şərtlə ki, sülh quruculuğu prosesinə cəlb edilmiş KİV və jurnalistlər peşəkar olmalıdırlar, mövzu üzrə təlimatlandırılmalıdırlar, düzgün istiqamətdə çalışmaq bacarığına sahib olmalıdırlar.

Mövzunun Azərbaycan üçün aktuallığı

Azərbaycanla Ermənistan arasında mövcud olan problemlərdən biri də bu amillə bağlıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın sülh çağırışlarına cavab olaraq, bəyan edir ki, onun ölkəsi də Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün çalışır. Baş nazir bu cür çaşdırıcı bəyanatları ən yüksək tribunalardan elan edir. Məsələn, 18 fevral 2023-cü ildə Münhen Təhlükəsizlik Konfarnsı çərçivəsində keçirilən debat zamanı, bütün dünya ictimaiyyətinin gözü qarşısında “Ermənistanın sülh istədiyini” iddia etdi. Yaxud, 2 avqust 2023-cü il tarixdə “Euronews” televiziyasında yayımlanan müsahibəsi zamanı da eyni iddianı səsləndirdi. Hansı ki, bunun əksinə olaraq, biz Ermənistan cəmiyyətinin sülh üçün hazırlandığını görə bilmirik. Ermənistanın nə siyasi qruplarının bəyanatlarında, nə vətəndaş cəmiyyəti institutlarının açıqlamalarında,nə də mediasının fəaliyyətində sülhə yönəlik davranış görünmür. İki ölkə arasında müharibənin 2020-ci ildə bitməsinə rəğmən, Ermənistanın mediası öz cəmiyyətlərində sülhə meyl yaradılması üçün çalışmır. Əksinə, Ermənistan mediası Ermənistan cəmiyyətində qisasçılıq hissinin artırılmasında rol alan, sülhyaratma prosesində maneəyə çevrilən siyasi mərkəzlərin tribunasına çevrilib.

Problem həm də ondadır ki, Ermənistan mediasının belə yanlış davranışını qeydə alan, həmin yanlışları konkret hesabat formasında əks etdirən də yoxdur. Hansı ki, bunun əksi olmalıdır. Ermənistanın sülh istəməsi yalançı bəyanatlarda deyil, real addımlarda görünməlidir. İlk növbədə, Ermənistan mediası sülhə çağıran materiallar paylaşmalıdır.

Nəzərə alaq ki, üzərində dayandığımız mövzu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan mediası da mövzuya həssas yanaşmalı, bu sahədə peşəkar davranmalıdır. Nəzəriyyəçilər qeyd edirlər ki, medianın sülhyaratma prosesində iştirakını təmin etmək üçün KİV subyektlərinin, jurnalistlərin bu mövzuda vərdişləri formalaşmalıdır. Onlar, ilk növbədə, sülhyaratma prosesində iştirakları barədə nəzəri biliklərə sahib olmalıdırlar. Təəssüf ki, hələlik bu mövzunu əks etdirən vəsait hazırlanmayıb, təlimlər keçirilməyib. Hazırladığımız bu məqalələr “Sülhyaratma prosesində medianın rolu” barədə məlumatlandırma işinin həyata keçirilməsini təmin edəcək.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı