Akademik tanınmaya dair şərtlər müəyyənləşdi

Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda əksini tapıb.

Akademik tanınma üzrə ümumi tələblər nəzərə alınmaqla, kvalifikasiyanın Milli Kvalifikasiyalar Çərçivəsinə uyğunluğu aşağıdakı qaydada müəyyən edilir:

- müvafiq kvalifikasiya üzrə təlimin nəticələrinin Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyalar (təhsil proqramları) üzrə nəzərdə tutulmuş təlimin nəticələrinə uyğunluğu;

- kvalifikasiyaların Milli Kvalifikasiyalar Çərçivəsindəki səviyyə deskriptorları ilə uyğunluğu.

Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 4-cü və 5-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində (əsas (baza ali) tibb təhsilinə) təhsilini davam etdirmək hüququ verilir.

Akademik tanınma nəticəsində kvalifikasiya Milli Kvalifikasiyalar Çərçivəsi üzrə 6-cı və 7-ci səviyyələrə uyğun olarsa, həmin ərizəçiyə Azərbaycan Respublikasında ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək hüququ verilir. Akademik tanınma zamanı ərizəçinin təhsil müddətində əldə etdiyi kreditlərin ümumi sayının Avropa Kredit Transferi və Toplanması Sistemi (AKTTS) üzrə təhsilin orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali tibb təhsili) və magistratura səviyyələri üçün müəyyənləşdirilmiş minimal kredit sayına uyğunluğu müəyyən edilir. Kvalifikasiyanın istiqamətinin (profilinin) qiymətləndirilməsi təlimin istiqamətinin (nəzəri və ya praktiki olmasının) və ixtisas xüsusiyyətlərinin kvalifikasiyanın istiqamətinə (profilinə) uyğunluğunun müəyyən edilməsini nəzərdə tutur və tanınma zamanı ərizəçiyə təhsilini növbəti səviyyədə davam etdirmək hüququ verən ixtisas istiqamətlərinə təsir edir. Kvalifikasiyanın istiqaməti (profili) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təsdiq edilir. Ərizəçinin akademik tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiyanın təlim nəticələri arasında əhəmiyyətli fərq aşkar olunmadıqda və bu Qaydalarda nəzərdə tutulan tələblər ödənildikdə, ərizəçinin kvalifikasiyası tam tanınır və tanınma şəhadətnaməsində ərizəçiyə növbəti təhsil pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququ verilir.
Ərizəçinin tanınma üçün müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda, qismən, şərti və alternativ tanınma barədə qərar qəbul oluna bilər.

Xaricdə natamam ali təhsil alanlar təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən tanınması üçün müraciət etməlidirlər. Ərizəçinin kvalifikasiyası qismən tanındıqda, o, Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququnu əldə edir. AKTTS üzrə ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üçün müəyyən edilmiş minimal kredit sayından az toplayan ərizəçinin kvalifikasiyası şərti tanınır və həmin ərizəçiyə ixtisaslarına uyğun Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verilir. Ərizəçi kvalifikasiyanın tanınmayan hissəsi üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində qiymətləndirmədə (sınaq imtahanında iştirak etməklə və ya eksternat qaydada imtahan verməklə) müvəffəqiyyət əldə etdikdən sonra əvvəlki müraciətinin yenilənməsi barədə müraciət edir və müraciətinə xidmət haqqı ödənilmədən yalnız əvvəl kvalifikasiyanın tanınmayan hissəsinin sonrakı mərhələdə əldə edilməsi üçün müvafiq sənədləri əlavə edir və onun kvalifikasiyası akademik tanınır.

Xarici dövlətin ali təhsilə aid kvalifikasiyası Azərbaycan Respublikasında mövcud olmadıqda, kvalifikasiyanın xarici dövlətdə aid olduğu təhsil pilləsindən (səviyyəsindən) daha aşağı pillə (səviyyə) üzrə və ya eyni pillə (səviyyə) üzrə, lakin fərqli kvalifikasiyaya uyğun olaraq alternativ tanınması həyata keçirilir və ərizəçiyə təhsilini növbəti pillədə (səviyyədə) davam etdirmək hüququ verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı