ABŞ və Qərb ölkələri Zelenskini yarı yolda qoyacaq? - ŞƏRH

Avqustun 24-də Rusiyanın Ukraynaya hərbi təcavüzünün 18-ci ayı tamamlanacaq. İki ölkə arasında il yarım ərzində davam edən savaşda diqqət çəkən məqamlardan biri Qərbin Kiyevə vəd etdiyi hərbi yardımları gecikdirməyə başlaması, həm də tam həcmdə verməməsidir.

ABŞ-nin nüfuzlu “Wall Street” jurnalı yazır ki, Qərb Ukrayna ilə bağlı sülh sazişi variantları üzərində işləyir, lakin onların şərtləri nə Moskvanın, nə də Kiyevin maraqları ilə üst-üstə düşmür. Bəzi hərbi ekspertlərin fikrincə, Qərb Ukraynanı yarı yolda da qoya bilər.

Mövzu ilə əlaqədar millət vəkili Cavanşir Feyziyev Metbuat.az-a bildirdi ki, müharibənin ən qızğın mərhələsində Ukraynanın Avropa Birliyinə üzvlüyünün təsdiq edilməsi, NATO-ya üzvlük proseduruna başlanması kimi amillər onu deməyə əsas verir ki, ABŞ başda olmaqla yaradılmış koalisiya - Avropa Birliyi, NATO və eləcə də ayrı-ayrı dövlətlər Ukraynanı sonadək dəstəkləyəcəklər:

“Qərb nə qədər Rusiya ilə üz-üzə gəlməkdən çəkinsə də, Ukraynanın haqlı mövqeyi və fəal diplomatiyası Qərb dünyasının Rusiya haqqında təsəvvürlərini dəyişə bildi. Qərb başa düşdü ki, müharibə artıq onun sərhədlərində gedir və bu gün Ukraynaya dəstək göstərilməsə, sabah öz ərazilərində daha ağır müharibələrlə üzləşə bilərlər.

Bir neçə gün öncə NATO Baş Katibinin ofis rəhbəri Stian Yensenin verdiyi açıqlama doğrudan da Ukraynada birmənalı qarşılanmadı. Həm dövlət səviyyəsində, həm də Ukrayna cəmiyyəti tərəfindən Yensenə qarşı ciddi təpki göstərildi. Stian Yensen izah etdi ki, o, Ukraynanın mübahisəli torpaqları Rusiyaya güzəştə getmək ehtimalını müharibənin gələcək ssenarilərindən biri kimi müqayisəli fərziyyə olaraq irəli sürmüşdü və bu kontekstdə öz fikrini düzgün ifadə etmədiyini bildirərək günahkar olduğunu etiraf etdi.

Bu təsadüfdürmü, yoxsa ictimai rəyin sınağa çəkilməsi, bunu demək çətindir. Amma onu deyə bilərik ki, hələ müharibənin başlanğıcından etibarən üstü örtülü şəkildə Rusiyanı müdafiə xarakteri daşıyan açıqlamalar eşidilməkdədir. Məsələn, Fransanın sabiq prezidenti Nikola Sarkozi də bu yaxınlarda işğal olunmuş ərazilərdə beynəlxalq səviyyədə təşkil olunmuş referendumun keçirilməsi kimi qeyri-legitim bir həll variantı irəli sürmüşdü.

Biz bilirik ki, həm Avropa ölkələrində, ABŞ-də və demək olar ki, bütün beynəlxalq təşkilatlarda Rusiyanın maraqlarını müdafiə edən lobbiçilər var. Onlar açıq-aşkar Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməyə cürət etməsələr də, mütəmadi olaraq Rusiyanın vəziyyətini yüngülləşdirə biləcək həll variantları təklif edirlər. Bu cür dəstək formaları əsasən Şərqi Avropa ölkələrində, məsələn Çexiya və Polşada, eləcə də Baltikyanı ölkələr - Litva, Latviya və Estoniyada ciddi etirazlara səbəb olur.

Lakin reallıq odur ki, müharibə bölgəsindəki real vəziyyət və bütövlükdə dünya miqyasında bu müharibəyə qlobal yanaşma tam olaraq formalaşıb. Mövcud yanaşma bu müharibənin işğalçı müharibə olduğunu təsdiq edir, təcavüzün dayandırılmasının və işğalın aradan qaldırılmasının zəruriliyini özündə ehtiva edir”.


Bir çox ekspertlər yaxın günlərdə Ukraynanı çox çətin günlər gözlədiyi barədə fikirlər səsləndirməklə bərabər, Qərbin Volodimir Zelenskini dəstəkləməsini dayandıracağını və onun keçmiş Gürcüstan prezidenti Saakaşvilinin taleyi ilə bənzər hadisələr yaşayacağını qeyd edirlər. Cavanşir Feyziyev bununla bağlı bildirdi ki, dünya birliyinin Ramştayn çərçivəsində Ukraynaya verdiyi hərbi dəstək və bu dəstəyin Ukraynanın Rusiya üzərində qələbəsinə qədər davam etdiriləcəyi haqqında verilən açıqlamalar onu göstərir ki, Ukraynanı Gürcüstanın aqibəti gözləmir:

“Bu gün artıq Qərbin Ukraynanı yarı yolda qoyacağı barədə tezis özünü doğrultmur. Eyni zamanda bu müharibənin yaxın həftələrdə və hətta aylarda başa çatacağına da ümid etmək olmaz. Müharibə başlayandan bu günədək Rusiya heç bir hədəfinə nail ola bilməyib. Buna baxmayaraq, beynəlxalq arenada öz sifətini qorumaq üçün müharibəni davam etdirməkdə israrlıdır. Hansısa məqamda dünya birliyinin Ukraynanı dəstəkləmədən yorulacağına ümid bəsləyən Rusiya möcüzəyə inanan sadəlövh təsiri bağışlayır. Müharibənin hansı nəticələrlə yekunlaşacağından asılı olmayaraq Rusiya artıq strateji məğlubiyyətə uğrayıb.

Bu günədək görünməmiş sanksiyalara məruz qalan Rusiyanın iqtisadiyyatı yaxın illərdə çox çətin sınaqlarla üzləşəcək və iflasa uğrayacaq. Onun əlamətləri artıq görünməkdədir. Bu müharibə həm Qərbi, həm də Rusiyanın özünü köklü surətdə dəyişikliklərə məruz qoyacaq və bu dəyişikliklər heç də Rusiyanın xeyrinə olmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı