Azərbaycan sülh istəyir, Ermənistan müharibə - Torontoda aksiya

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı məlumatlandırma aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Toronto şəhərinin mərkəzində yerləşən məşhur Yonq-Dandas Meydanında (Yonge and Dundas Square) və Yonc-Blur (Yonge and Bloor) yolayırıcında baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” adlı guşə yaradılıb.

Guşənin üzərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir”, “Ermənistan, sülh sazişini imzala!”, “Erməni separatçılarının qanunsuz fəaliyyətinə son qoyulsun!”, “Ermənistan, bizim torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!”, “Azərbaycan girovlarını azad et!”, “Mina qurbanlarına görə ədalət tələb edirik!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!” “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!” və sair şüarların əks olunduğu fotomateriallar yerləşdirilib.

İcma fəalları Toronto sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətləri barədə ətraflı məlumatın əks olunduğu “Təcili fəaliyyətə çağırış: Azərbaycanda kritik problemlərin həlli” sərlövhəli broşürlar paylayıblar. Broşürlarda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyinə və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin indiyədək həll olunmadığına diqqət cəlb edilib.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların insan həyatını təhdid etdiyi, 2020-ci il müharibəsindən bəri Azərbaycanda mina qurbanlarının sayının 303 nəfərə çatdığı, rəsmi İrəvanın dəqiq mina xəritələri verməkdən imtinasının insan hüquqlarını kobudcasına pozduğu, erməni KİV-lərinin azərbaycanlılara qarşı pis rəftarla bağlı pərakəndə sübutlar yaymasının III Cenevrə konvensiyasına zidd olduğu, bir neçə azərbaycanlı əsgərin girov götürülərkən fiziki, mənəvi işgəncələrə və təhqirlərə məruz qaldığı, Azərbaycanın Qarabağ bölgəsində qızıl və mis-molibden yataqlarının qeyri-qanuni istismar edildiyi, 60 min hektardan çox meşə sahəsinin darmadağın edildiyi, çaylarımızın çirkləndirildiyi və sair faktlar nəzərə çatdırılıb.

Regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu vurğulanıb.

Azərbaycan icması Kanada ictimaiyyətini və beynəlxalq təşkilatları bu kritik və önəmli mərhələdə erməni uydurmalarına inanmamağa, Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşviqinə yardım göstərməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı