Azərbaycan QHT-ləri “III sektorda milli təəssübkeşlik” modelini yaradır

QHT nəzəriyyələrində mövcud olan boşluqlar

III sektorun funksiyaları barədə fikirlər yekdildir. Bütün nəzəriyyələrdə qeyd edilir ki, o, ictimai maraq kəsb edən problemləri müəyyənləşdirməli, həlli üçün təkliflər hazırlamalı, dövlət və hakimiyət qurumlarına təqdim edib icrasına nail olmalıdır. Digər yandan, bildirilir ki, bu sektor dövlət-hakimiyyət orqanları üzərində ictimai nəzarət missiyasını həyata keçirməlidir və sair.

Amma beynəlxalq nəzəriyyəçilər III sektor üçün istiqamətlər müəyyənləşdirərkən boşluqlara yol veriblər. Məsələn, əgər III sektorun nəzarət etməli olduğu dövlətin özü problemlərlə üzləşibsə, işğala, təhdidə, haqsızlığa məruz qalıbsa, suverenliyini bərpa etmək uğrunda mübarizə aparırsa, III sektor bu prosesdə hansı formada iştirak etməlidir? III sektorun üçün çərçivə cızanlar bu mövzunun üzərindən sükutla keçirlər. Suallara aydınlıq gətirmirlər.

Müşahidələr göstərir ki, qeyd edilən istiqamətdə boşluqların olması xarici güc mərkəzləri üçün əlverişlidir. Onlar III sektoru dövlətin yanında deyil, qarşısında görmək istəyirlər. “Demokratik təsisatlara dəstək vermək” adıyla ayrı-ayrı ölkələrdə yerli QHT-ləri milli hökumətlərə qarşı fəallaşdırırlar. III sektordan faydalanıb hədəf dövlətlər üzərində özlərinin nəzarət mexanizmlərini yaradırlar. Bir sözlə, hədəf dövləti öz siyasətlərinə tabe etmək üçün III sektorun milli seqmentindən faydalanırlar.

Azərbaycan QHT sektoru da bu bəladan yan keçməyib. 1990-cı illərin əvvəllərində totalitar sistemdən açıq cəmiyyətə xaotik keçid tendensiyası III sektora da möhür vurub. 90-cı illərdə aktiv olan QHT və media təsisatlarının böyük qismi siyasi mərkəzlərin peyki kimi görünüblər. “İctimai maraqları müdafiə etdiklərini” deyiblər, reallıqda isə hansısa güc mərkəzinin əlində alətə çevrilərək milli dövlətimizə qarşı qənib kəsiliblər.

Təbii ki, belə yanlış hərəkətlər xarici güc mərkəzləri tərəfindən stimullaşdırılıb. Bu mənada ən böyük zərbəni bilavasitə Soros Fondu və “Sorosabənzər” digər Qərb institutları vurublar. Fond ölkədə “QHT-lərin simasızlaşdırılması” təcrübəsini yaradıb. 90-cı illərdə “Sorosabənzərlərin” yönləndirməsi ilə küçələrə çıxıb Azərbaycan polisinə daş atan “azərbaycanlı QHT təmsiçiləri və jurnalistləri” yəqin ki, əksəriyyət xatırlayır.

Yaxud, başqa bir nümunəyə diqqət çəkək. Yuxarıda III sektorun funksiyaları barədə beynəlxalq nəzəri fikirlərdən sitatlar gətirdik. Həmin nəzəriyyələrdə birmənalı şəkildə qeyd edilir ki, III sektor ictimai maraq kəsb edən problemləri müəyyənləşdirib dövlət və hakimiyət qurumlarına təqdim etməli, həllinə nail olmalıdır. Məsələ ondadır ki, bu missiyanı yerinə yetirmək üçün QHT ilə müvafiq dövlət qurumları ilə dialoq qurulmalıdır. “Soros sindromunun” mahiyyəti isə budur ki, milli hökumətlərlə, dövlət strukturları ilə dialoqa getmək olmaz. Milli hökumətlərlə dialoq quran QHT/NGO-ları GONGO, yəni, “hökumətə satılmış NGO” adlandırır. Beləliklə, III sektoru konfrontasiyaya meylləndirir, milli QHT-lərlə milli dövlət arasında ziddiyyətlər yaradırlar.

Soros Fondundan qaynaqlanan bu sindrom Azərbaycanın III sektorunda uzun müddət hakim mövqedə olub. Yalnız ölkədə milli donor institutlarının formalaşdırılması ilə əhəmiyyətli dərəcədə təsirdən salınıb.

Azərbaycan dövlətinin QHT sektoruna yönəlik siyasəti

QHT sektorunun yad təsirlərdən xilas edilməsi, milliləşdirilməsi, öz missiyasına qaytarılması üçün Azərbaycan dövləti çoxsaylı proqramlar icra edib. 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası” bu istiqamətdə həyata keçirilən siyasəti sistemləşdirib. 2021-ci ildə isə Prezident Əliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması barədə Fərman imzalayıb. Hüquqi statusu imkan verir ki, Agentlik çevik manevrlər etsin, vətəndaş cəmiyyəti institutlarının tələblərinə operativ reaksiya verə bilsin.

Agentlik QHT-lərin maliyyə resurslarının şaxələndirilməsi üçün yeni mexanizmlər tətbiq edir. Publik hüquqi şəxs qismində kənar mənbələrdən əlavə fondları prosesə cəlb edir. Beləliklə, milli QHT-lərin xarici donorlardan asılılığını minimuma endirir.

QHT-lərin ictimai nəzarət missiyasının təşviq edilməsi, ictimai şuraların fəaliyyətinin dəstəklənməsi istiqamətində də addımlar atılır. Bu isə QHT-lərin daha üstün statusunu təmin edir. Onları hansısa qurumun əlavəsi olmaq durumundan çıxarır, nəzarətedici quruma çevirir.

Vətəndaş cəmiyyəti institutlarının bacarıqlarının inkişaf etdirilməsi də diqqət mərkəzindədir. 2022-ci ildə Mingəçevirdə “QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı” keçirildi. Bu tədbirə 100-ə yaxın QHT nümayəndəsi qatıldı, öz bacarıqlarını inkişaf etdirmək yönündə bilgilər aldı. Proqram davamlı xarakter daşıyır. 2023-cü ildə Naftalan şəhərində davam etdirildi.

Konsepsiya çərçivəsində reallaşdırılan proqramların nəticəsi olaraq, Azərbaycan QHT-lər həm peşəkarlaşırlar, həm də milliləşiblər. Əlbəttə, sayı 3 mini keçmiş QHT-lərin hər birindən eyni keyfiyyəti gözləmək sadəlöhvlük olardı. Əsas odur ki, Azərbaycanın III sektoru kəmiyyətdən keyfiyyətə keçid mərhələsində uğurlu nəticələr qazanır.

Prosesin gedişində diqqət çəkən məqamlardan biri də, milli QHT-lərin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etməsidir. Agentlik bu sahədə fəaliyyəti təşviq edir. Beynəlxalq əməkdaşlığı olan QHT-ləri xüsusi kateqoriyada təsnifatlaşdıraraq, fəaliyyətlərinə dəstək olur. Beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsaitlər ayırır. Bu sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər hazırlayır.

Milli QHT-lərin beynəlxalq platformalarda qazandıqları nailiyyətlər

Bu gün Azərbaycan QHT-ləri ən müxtəlif beynəlxalq platformalarda təmsil olunurlar. Təmsil olunduqları platformalarda söz sahibinə çevrilirlər. Ən əsası isə, həmin platformalarda Azərbaycan maraqlarından çıxış edirlər. Milli QHT sektorunun son bir il müddətində nümayiş etdirdiyi aktivliyə və əldə etdiyi nəticələrə diqqət yetirsək, III sektor üzərində qurulan dövlət siyasətinin uğurlu alınması qənaətinə gələ bilərik.

Ötən ay - iyulda Azərbaycan QHT rəhbərləri dünya ictimaiyyətinə müraciət etdilər. Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların haqlarının, həmçinin, Qərbi Azərbaycan İcmasının statusunun tanınmasını istədilər.

Bundan öncə isə QHT təmsilçiləri Ermənistanın dağ-mədən sənayesindəki ekoloji pozuntulara diqqət çəkmişdilər. Bu problemlə əlaqədar dünya ictimaiyyətinə ünvanlanmış ayrıca bəyanat vermişdilər.

Aprel ayında isə dünya çapında rezonans doğuran kampaniyanı tamamlamışdılar. QHT sektoru ekofəllar tərəfindən 2022-ci ilin dekabr ayından başladılan eko-aksiyanın mühüm komponenti olmuşdu. Qarabağ regionunda erməni separatçılar tərəfindən törədilən ekoloji fəlakəti dünyanın diqqət mərkəzinə gətirmişdilər. Laçın-Xankəndi yolundakı uzunmüddətli aksiya Azərbaycan QHT-ləri aktivinə uğurlu bir addım kimi yazıldı.

Son bir neçə ili geri baxıb, 10-larca bu tip nümunələr göstərmək mümkündür. Düzdür, QHT-lərin ümum Azərbaycan problemlərinə həsr edilmiş müştərək bəyanatları, müraciətləri əvvəllər də olubdur. İndi fərqlilik ondan ibarətdir ki, Azərbaycanın QHT sektorunun son kampaniyaları nəticəsiz bitməyib. Əksinə, uğurlu nəticələr verib. QHT-lər beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın problemlərinə yönəldə biliblər.

QHT-lərin institutlaşması, peşəkarlaşması və milliləşməsi onların özləri ilə yanaşı, Azərbaycan cəmiyyəti və Azərbaycan dövləti üçün də faydalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də öz çıxışlarında Azərbaycan QHT-lərinin əldə etdiyi uğurlu nəticələrdən nümunələr göstərir. Prezident iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu məqama xüsusi diqqət çəkdi: “Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar. Ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır”.

Ümid edək ki, Azərbaycanda III sektorun milliləşdirilməsi və institlaşdırılması yönündə siyasət davam etdiriləcək. QHT sektorunun yeni bir müstəviyə çıxarılması, modern tələblərə uyğunlaşdırılması prosesi uğurla tamamlanacaq.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı