Bakı, 4 iyun, Ramiz Quliyev, AZƏRTAC
Fransanın neft-qaz sənayesi üzrə ixtisaslaşan “PARLYM İNTERNATSİONAL” şirkəti yaxın gələcəkdə Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir. Bunu AZƏRTAC-a Bakı Ekspo Mərkəzində keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015" (“Caspian Oil and Gas 2015”) sərgisində iştirak edən şirkətin biznes üzrə meneceri Simon Vancoppenolle bildirib. Onun sözlərinə görə 1988-ci ildə yaradılan qurum beynəlxalq sənaye layihələrinin hazırlanmasında çoxillik təcrübə qazanıb. Qurumun əsas fəaliyyət istiqamətlərindən biri də şirkətlərə investisiya üzrə həll variantlarını təklif etməkdir. Bura həm də texniki-iqtisadi və investisiyanın rentabelliyi üzrə araşdırmaların aparılması daxildir.
Fransalı menecer bildirib ki, “PARLYM İNTERNATSİONAL”ın Avropa və Amerikanın bir sıra ölkələri ilə yanaşı, həm də Fil Dişi Sahili, Kamerun, Liberiya və Banqladeş kimi ölkələrdə filialları var. Artıq bu gün şirkətin layihələrini dünyanın 30-dan artıq ölkəsində görmək mümkündür.