İlham Əliyev Emoməli Rəhmona təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, məktubda deyilir.

"Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir.

Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixən bir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır. Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin və tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirmişdir.

İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR