Yasları ehsan yarışına döndərənlər...

Son 10 ilin ən aktual və mübahisələrə zəmin yaradan mövzularından biri də Azərbaycanda keçirilən dəbdəbəli yas mərasimləridir. Pandemiya dövründə toylarda olduğu kimi, yas sənayesində də bir xeyli “narahatlıq” yaranmışdı. Ölülər səssiz-küysüz, əsl İslam ənənələrinə, türk kültürünə uyğun bir şəkildə dəfn edilirdi. Ancaq bu vəziyyət ənənəyə çevrilməyə fürsət tapmadı təəssüf ki. Xalqımın bu ehtişamlı “son mənzilə yola saldı” mərasimləri pandemiyadan sonra sürətlə öz işini davam etdirir.

Məsələnin maddi israfçılıq tərəfi bir yana, bu cür mərasimlərə toplanan insanların ölüyə, ölü sahibinə hörmətsiz münasibəti məni həmişə gərginləşdirib.

Odur ki, son illər yas mərasimlərinə qatılmamağa üstünlük verirəm. Əgər çox yaxınımdırsa, mərhumun dəfninə özümü çatdırıb, vidalaşıb, yaxınlarına başsağlığımı verib, qayıdıram. Çünki qatıldığım yas mərasimlərində dünyasını dəyişən insanlara, mərhumun yaxınlarına qarşı yas iştirakçılarının hörmət etmədiyinin şahidi olmuşam. Yerdə bardaş qurub meyitin başı üstündə qeybət edən, gülüşən, mobil telefonlarında bir-birinə ailə fotolarını göstərən, oğluna qız, qızına varlı oğlan axtaran insanların varlığı onu göstərir ki, biz yas tutmaq mədəniyyətini, ədəbini tamamilə unutmuşuq.

Azərbaycanda yas mərasimləri ölü yaxınlarının dərdinə şərik olmaq məqsədini çoxdan aşıb. Yaxınını itirən adamların başsağlığı verməyə gələn qonaqları məmnun etmək təlaşı, masa üstünə qoyulan dəftərlər, yasdan sonra aparılan haqq-hesablar olduqca çirkin mənzərədir.

Bu necə bir mədəniyyətdir? Bu hansı kültürün qalıqlarıdır ki, insan ölümünü yeyib-içməklə, deyib-gülməklə, müxtəlif mövzuların müzakirə panelinə çevirməklə qeyd edirik?

Qədimdən gələn ənənələrdə ölü çıxan evdə bir həftə yemək bişirilməzdi. Qohum-qonşu yas düşən evə yemək gətirərdi. Bu İslamdan əvvəl də belə olub, İslamdan sonra da. Hətta Peyğəmbərimiz Cəfər ibn Əbu Talibin şəhid olduğu xəbərini aldığı zaman “Cəfərin ailəsinə yemək aparın” deyə tövsiyə etmişdi. Ancaq zamanla yas evinə yemək aparmaq ənənəsi yas evindən yemək gözləmək, əvəzində isə pul yazdırmaq ənənəsinə çevrildi.

Keçmişdə xəstəsi olana bir qab şorba aparmaq qonşuluq vəzifəsi, yas evinə yemək aparmaq sosial bir vəzifə idisə, bu gün insanları ölü yiyəsinin “urvatlı” ehsan verəcəyinin maraqlandırması əxlaqi və vicdani cəhətdən necə yoxsullaşdığımızın göstəricisidir. Bəzi bölgələrdə isə ölüyə verilən ehsan şousu əndazəsini aşıb. 3, 7, 4 cümə axşamı, 40, il mərasimləri də daxil ümumilikdə bir il ərzində ölü sahibinin dəfn xərci xaric, təkcə yeyib-içmək məclisinə xərclədiyi pul bəzən ailənin illik gəlirindən çox olur. Bu qədər israfla, yersiz xərclə ölüsünün ruhunu şad etdiyini düşünən zehniyyət kültür aşınmasına xeyli açıqdır. Hələ ölənin evində azyaşlı yetim uşaqlar varsa, ehsan mərasimləri necə savab ola bilər?

Bu da ayrı bir mövzudur ki, günümüzdə yasa getmək mənəvi borcdan çox maddi borca çevrilib. Artıq kimsə rəhmətə gedəndə insanların beynində hesab-kitab dəftərləri açılır. Toya gedəndə “görəsən nə qədər yazdırım?” sualı artıq yaslar üçün də keçərlidir.

Bu günlərdə Naxçıvanın Şərur rayonunun Mahmudkənd kəndinin sakinləri çox gözəl bir qərar veriblər. Sözügedən kənddə təmtəraqlı yas mərasimləri, ehsan verilməsi qadağan olunub. Bəs bu qadağanın miqyası genişlənə bilərmi? Olsa nə əla, amma olmayacaq. Çünki yas mərasimləri də toy mərasimləri kimi bir biznes növünə, ölü yiyəsinin “qürur, fəxarət” yerinə çevrilib.

Çünki ölüsünə yas məcilisləri keçirməyən, ehsan verməyən, yaxud da sadə bir mərasimlə ölüsünü dəfn edən, mərmər sinə daşı qoydurmayan insanların xor görüldüyü bir cəmiyyətə sahibik. Ona görə də, bu cür zehniyyətin hakim olduğu cəmiyyətlərdə qadağa çıxış yolu sayılmır.

Dost-tanışa, qohum-qonşuya sübut etmək məcburiyyətindən yaxamızı qurtarmaq üçün təfəkkürümüzdə inqilab etməliyik.

Bundan başqa yas mərasimlərində süfrənin başında oturub imamların şəhadətindən, Fatimeyi-Zəhranın həyat yolundan danışmaqla öz vəzifəsini tamamlamış hesab edən 50 manatlıq mollaların da üzərinə məsuliyyət düşür. Yaslara Quran tapşırmaq üçün gedən mollalar (əgər həqiqətən də molladırsa) bir din xadimi olaraq insanlara bunun israfçılıq olduğunu, dinimizdə belə bir qaydanın, hökmün olmadığını, bunların xurafat olduğunu izah etməlidir.

Mərasim evlərinin dayanmadan artmasının qarşısı alınmalıdır. Toyla yas arasındakı fərq bilinməlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələyə təcili əl atmalıdır. Təklif və məsləhət mərhələsini aşıb yas mərasimləri ilə bağlı konkret bir qayda qəbul edilməlidir.

Günel Musa, xüsusi olaraq Metbuat.az üçün.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı