Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür - FOTO

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.

Metbuat.az xəbər verir ki, sentyabrın 15-də ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

2023-2024-cü tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 612 min 294 şagird təhsil alacaq. Bu il respublikada məktəblərin I sinfində 135 min 418, IX sinfində 152 min 536, XI sinfində isə 103 min 72 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Məktəbəqədər təhsilə 114 min 484 uşaq, məktəbəhazırlıq qruplarında tədrisə isə 80 min 273 uşaq cəlb olunacaq.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 481 131 şagird təhsil alacaq. Bu məktəblərin I sinfində 40 min 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə 34 995 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 23 000-ə yaxın beşyaşlının cəlb olunacağı gözlənilir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 498 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 375 tərbiyəçi-müəllim çalışacaq.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin tikintisi və təmiri davam edir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısı avqustun 23-də Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışlarında iştirak edib.

Respublikamızın digər regionlarda da məktəb tikintisi və təmiri davam edir. Avqustun 7-də Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının, habelə Şəmkir şəhərində Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü tam orta məktəb-liseyin yeni binasının açılışları olub. Dövlətimizin başçısı bütün bu tədbirlərdə iştirak edib.

Ölkə rəhbəri, həmçinin bu yaxınlarda iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasında yaradılmış şəraitlə tanış olub.

Beləliklə, yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.

Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. 2023-cü ilin sonunadək isə nazirliyin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur. Təkcə son 3 ildə ölkədə 275 yeni məktəb tikilib. Qəzalı məktəblərin sayı 30 faiz azalaraq 654-ə enib.

2023-2024-cü tədris ilində respublikada ümumilikdə 318 adda 7 milyon 758 min 970 nüsxə dərslik çap edilərək məktəblərə paylanılıb. Bununla yanaşı, 24 adda dərslik təkmilləşdirilib, 37 adda dərslik isə yenilənib.

Yeni tədris ilindən 114 yeni məktəbdə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulur. Bununla da peşə təmayüllü siniflərin sayı 230-a çatmaqla ümumilikdə 194 məktəbdə 3500-dən çox şagirdi əhatə edəcək. Qeyd edək ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Həmçinin STEAM əsaslı tədrisin əhatə dairəsi genişləndiriləcək.

Cari ildən “İnnovativ məktəb” layihəsi çərçivəsində bir neçə təhsil müəssisəsində sahibkarlıq kursu pilot şəkildə tədris ediləcək. Bu məqsədlə İsrailin ən böyük məktəb şəbəkəsi “ORT İsrail” tərəfindən müvafiq dərs vəsaiti də hazırlanıb. Sözügedən vəsait şagirdləri gələcəyin çağırışlarına hazırlayacaq sahibkarlıq təfəkkürü, yaradıcı düşüncə və XXI əsr bacarıqlarının aşılanması kimi mövzuları əhatə edir.

Yeni tədris ilində 418 nəfər “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq. Bunlardan 67 nəfəri bakalavriat, 314 nəfəri magistratura, 37 nəfəri doktorantura səviyyəsində təhsil alacaq. Hökumətlərarası təqaüd proqramları isə 180 nəfəri (26 nəfər – bakalavriat, 140 nəfər magistratura, 21 nəfər doktorantura, 1 nəfər tədqiqat üzrə) əhatə edəcək.

Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu da öz növbəsində, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı