Azərbaycan parlamenti antiterror tədbirləri barədə beynəlxalq ictimaiyyətə müraciət etdi

Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən antiterror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

Metbuat.az xəbər verir ki, müraciətdə qeyd olunur ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə sadiqdir. Ölkəmiz, həmçinin Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərir. Azərbaycan 2020-ci ilin noyabrından etibarən bu prosesə sadiqliyini dəfələrlə nümayiş etdirib. Son olaraq, Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılması Azərbaycanın gərginliyin azaldılmasına olan sadiqliyinin göstəricisidir.

Sənəddə təəssüflə qeyd olunur ki, Azərbaycanın sözügedən səylərinə baxmayaraq, Ermənistan bütün vasitələrdən istifadə edərək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardan bəziləridir.

Müraciətdə qeyd olunur ki, Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Bu çərçivədə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar.

"Bütün bunlara cavab olaraq, Azərbaycan tərəfi anti-terror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edir. Azərbaycanın müvafiq qurumları tərəfindən xüsusilə vurğulanmışdır ki, görülən tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali heç bir halda hədəf təşkil etmir", - deyə müraciətdə vurğulanır.

Müraciət müəllifləri qeyd edir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacibdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.

Müraciətin sonunda bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı