"NAYORA" beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

Müraciətdə beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Qarabağda yerləşdirdiyi minalar nəticəsində bu gün 6 nəfər Azərbaycanlı mülki şəxsin və polis əməkdaşının həlak olmasının Azərbaycan gəncləri arasında dərin kədər və hiddət hissi ilə qarşılandığı, məhz mina təhlükəsi səbəbindən minlərlə məcburi köçkün azərbaycanlı gəncin təhlükəsiz şəkildə öz evlərinə qayıda bilməməsi, erməni təxribatlarının yenidənqurma və qayıdış prosesinə ciddi şəkildə mane olması və xüsusilə sülh quruculuğu prosesinə xələl gətirməsi qeyd edilib.

Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin regionda həyata keçirdiyi irimiqyaslı təxribatlarına bilavasitə cavab olaraq Azərbaycan silahlı qüvvələrinin Qarabağda anti-terror əməliyyatına başladığı, bu tədbirlərin beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünü təsdiq edən, terror və təcavüz aktlarını qəti şəkildə pisləyən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq həyata keçirildiyi vurğulanıb.

Müraciətdə qeyd edilib ki, bu anti-terror əməliyyatının əsas məqsədi Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarılmasını və regionda dinc əhalinin təhlükəsizliyini təmin etməkdir.

Eyni zamanda, Azərbaycan tərəfinin minalanmış ərazilərin həqiqi xəritələrinin təqdim edilməsi və bu ərazilərdə minaların basdırılmasının dayandırılması ilə bağlı dəfələrlə etdiyi çağırışlara məhəl qoyulmaması, müharibədən sonrakı dövrdə çoxsaylı mülki əhalinin və hərbçilərin həlak olmasına görə bütün məsuliyyətin Ermənistan və qondarma rejim üzərində olması qeyd olunmuşdur.

Gənclər regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması üçün bu terror aktlarının dərhal dayandırılmasını tələb edərək anti-terror əməliyyatına dəstək ifadə ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR