"Oxfam": Gələn il dünyadakı sərvətlər bir faiz insanın əlində cəmləşəcək

16:28 19 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Beynəlxalq xeyriyyə təşkilatı “Oxfam” Davosda növbəti Dünya İqtisadi Forumunun açılışı ərəfəsində diqqəti Yer kürəsində artan bərabərsizliyə yönəltməyə çalışıb. Bu barədə Trend BBC-nin Rus xidmətinə istinadən xəbər verir.

Təşkilatın apardığı araşdırma göstərir ki, Yer kürəsi əhalisinin 1 faizini təşkil edən ən varlı adamlara məxsus olan dünya sərvətlərinin payı 2009-cu ildəki 44 faizdən 2014-cü ildə 48 faizədək artıb. Eyni zamanda, hazırda ən yoxsul adamlara (80 faiz) dünya sərvətinin yalnız 5,5 faizi məxsusdur.

“Oxfam” xəbərdarlıq edir ki, beləliklə, 2016-cı ilədək Yer kürəsi əhalisinin bir faizi yerdə qalan əhalinin 99 faizindən daha çox var-dövlətə malik olacaq.

Təşkilatın rəhbəri Uinni Byanima bəyan edib ki, qeyri-bərabərlik sarsıdıcı həddə çatıb və ən varlılarla ən yoxsullar arasında sürətlə böyüyür.

Ona görə də “Oxfam” dünyadakı dövlətləri gəlirlərin daha bərabər səviyyədə paylanmasından ötrü vergilərdən yayınma ilə mübarizəni gücləndirməyə və dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdırmağa, eləcə də qanunvericilik qaydasında əməkhaqqının və yaşayış minimumunun məbləğini artırmağa çağırır.

Qeyd edək ki, “Oxfam” təşkilatı 1942-ci ildə Britaniyanın Oksford şəhərində yaradılıb. İlk adı Oksford Aclıq Çəkənlərə Yardım Komitəsi adlanıb. Onun bazasında inkişaf edən “Oxfam International” birliyi 1995-ci ildən fəaliyyət göstərir və rəsmən Haaqada qeydiyyata alınıb. İndi bu birliyə Böyük Britaniya, İrlandiya, ABŞ, Kanada, Avstraliya, Honkonq, Belçika, Niderland, Fransada və dünyanın 90 ölkəsində çalışan 17 humanitar təşkilat daxildir.

İnsan hüquqlarının müdafiəsi, əhalinin ən yoxsul təbəqələrinə kömək, haqsızlıqla mübarizə, ədalətli beynəlxalq ticarət qaydalarının müəyyən olunması, həmçinin silah alverinin məhdudlaşdırılması və azaldılması “Oxfam”ın əsas hədəfləridir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR