Selçuk Bayraktar Bakıda səfərdədir

Ölkəmizdə səfərdə olan “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Bilim Bakı" mərkəzini ziyarət edib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himnləri səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar çıxış ediblər.

Həmçinin, “Bilim Bakı” mərkəzinin rəhbəri Ahmet Köse tərəfindən mərkəzin fəaliyyətinə dair hesabat təqdim edilib. 2022-ci ilin avqust ayından başlayaraq 30 000-dən artıq şagirdin iştirakı ilə müxtəlif növ təlimlərin, tədbir və layihələrin keçirildiyi diqqətə çatdırılıb.

Həmçinin, ASAN könüllüləri tərəfindən musiqili proqram nümayiş etdirilib.

Xatırladaq ki, Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı