Rəsmi Bakı və Ankara Fələstin-İsrail qarşıdurmasına necə yanaşır? - TƏHLİL

“İsrail Fələstinlə sərhədlərini yüksək inkişaf etmiş hava hücumundan müdafiə sistemləri, sərhəd qoşunları ilə qoruduğu halda, HƏMAS-ın çox rahat formada İsrail sərhədini keçməsi Netanyahu hökumətinin zəifliyi kimi görünməməlidir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Hasan Oktay deyib. Politoloq vurğuladı ki, illərdir HƏMAS-la Fələstin məsələsində ədalətli mübarizə aparan İsrail son atılan bu addımla HƏMAS terrorunun psixoloji xarakter alaraq üstünlük qazanmasına imkan verdi:

“Əksinə hökümət bu addımı ilə müxalifəti susduraraq birlik, həmrəylik elan edərək hətta terrora qarşı səfərbərlik imkan yaratdı. Hazırda İsrail hökümətinə həm daxili, həm də xarici dəstək ifadə edilir. İsrail-Fələstin mübarizəsi illərdir davam edir. Başda Türkiyə olmaqla, bütövlükdə İslam dünyası Fələstin məsələsindəki düşüncələrinə əsasən bir növ yarışırdı. İran isə 1979-cu il inqilabından sonra Qüds məsələsini öz xarici siyasətinin əsas elementi edib və İslam dünyasında liderlik uğrunda Türkiyə ilə yarışmağa başladı.

İndi HƏMAS İsrailə hücum etdiyi üçün İslam dünyası bu məsələdə emosional çıxılmaz vəziyyətdədir. Türkiyə və Azərbaycanda bu məsələ futbol komandası azarkeşləri arasında mübahisəyə çevrilib. Ümumiyyətlə Türkiyədə iqtidar Fələstini dəstəkləyib, İsraili tənqid edir, lakin bu hərəkət Türkiyəni daha mülayim açıqlamalar verməyə və vasitəçi olmağa sövq edib”.


İsrailə dəstəyin Azərbaycan üçün yeni dilemma yaratdığını vurğulayan Hasan Oktay bu məsələni İsrailin 44 günlük Vətən müharibəsində dəstəyi ilə bağlı olduğunu vurğuladı.

Fələstinlilərin də torpağını azad etmək üçün mübarizəyə başladığını ifadə edən politoloq xatırlatdı ki, Azərbaycan torpaqlarını işğaldan azad edən zaman dinc əhalini öldürmədi və beynəlxalq müharibə hüququna uyğun hərəkət etdi:

“Azərbaycanda Fələstinin dini səbəblərdən dolayı dəstəklənməli olduğunu deyənlər İranı İslam dövləti hesab edib. Fələstin məsələsini də bu yöndə görürlər. Bu fikir Türkiyədə də var. İran həm Azərbaycanda, həm də Türkiyədə ictimai rəyin yaranmasında təsirlidir. Azərbaycanın 44 günlük müharibədə İsraili dəstəklədiyini vurğulayaraq, son hücumlarda özünü İsrailə yaxın hiss etməsi məntiqli addımdır. İranın daima Azərbaycanı sionist dövlət kimi ittiham etməsi İsrailin birbaşa İrana qarşı hərəkətə keçəcəyi qorxusundan yaranırdı. İran buna görə də Azərbaycanda Fələstinə anti-İsrail dəstəyi yaratmağa çalışır.

Türkiyə son vaxtlar İsraillə münasibətlərini yaxşılaşdırmışdı, hətta Netanyahu da Ankaraya gəlirdi. Bu əməliyyat İran-Rusiya bloku tərəfindən münasibətlərin yaxşılaşmasının qarşısını almaq üçün həyata keçirilib. Hazırda Türkiyə İsrailə qarşı, təmkinlə hərəkət etməyə başlayıb. Türkiyə ilə Azərbaycanın birlikdə həyata keçirəcəyi bu siyasət həm də balanslı bir prosesə start verəcək”.

Baş verən hadisələrə emosional deyil, daha çox ölkələrimizin mənfəəti, hüquq və real siyasi düşüncələr fonunda baxılmalı olduğunu vurğulayan Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirdi ki, Türkiyə İsrail-Fələstin münaqişəsinə dəyərli bildiyi prinsiplər çərçivəsində yanaşır:

Yeni müharibə başlaya bilər? -

“Bu hadisələrlə bağlı Xarici İşlər Nazirimiz tərəflərlə təmas halındadır. Əvvəlcə atəşkəs elan edilib, iki tərəfdən götürülən əsirlər vəziyyəti öyrənildikdən sonra baş verənləri düzgün analiz etmək olar. Hadisə genişmiqyaslıdır, onu qısa zaman ərzində dəyərləndirmək mümkün deyil. Həm keçmiş təcrübələrimə, Türkiyənin errorla mübarizədə böyük zəhmətlər verdiyi keçmişinə dayanaraq deyə bilərəm ki, beynəlxalq hüquq və qanunvericiliyə malik dövlətin ərazisinə qarşı edilən bu hücumu, HƏMAS-ın dinc əhaliyə qarşı etmiş olduğu bu əməliyyatı təqdir etmək mümkün deyil”.

İsrailin də özünümüdafiə məqsədi ilə dinc əhalinin yaşadığı yerlərə hücum etdiyini qeyd edən Yücel Karauz xatırlatdı ki, Türkiyə Cümhuriyyəti 1967-ci ildə imzalanan müqavilə çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını, iki dövlətdə iki cəmiyyət quruluşunun yaradılmasını və terrorun aradan qaldırılmasını prinsip kimi qəbul edib.

“Hesab edirəm ki, təqribən 50-ilə yaxın tarixi olan bu müharibə bitməyəcək. Çünki qan, qisas intiqam doğurur. Bundan sonra uzun müddət orada göz yaşı olacaq. Nəticələr, səbəblər aydınlaşdıqdan sonra, bəlkə də İrana da təsir edəcək, siyasi və geo-strateji nəticələri olacaq. Birləşmiş Ştatlar təyyarə daxil olmaqla təxminən on gəmi göndərib. Bu sadə hadisə deyil. Ona görə də bundan sonra Yaxın Şərqdəki tarazlıq çox fərqli oldu. Arzu edirəm ki, iki tərəf arasında da çox sayda günahsız mülki, uşaq və qadın bu hadisələrdən təsirlənməsin”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı