TV rəhbərindən sərt tənqid: "Vasif Talıbovun yaratdığı mənasız qurumlar..."

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası Naxçıvan televiziyasında yayımlanan “Sağlam yaşa” verilişində Azərbaycan Respublikası qanunlarının və etik qaydaların pozulduğu qənaətinə gəlib, bu barədə “Naxçıvan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə rəsmi məktub göndərib. Səhmdar Cəmiyyətin sədri Sahil Tahirli isə ona nəzarət edən qurumu ələ salıb.

Metbuat.az TNS-a istinadən xəbər verir ki, QSC sədri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Şura NTV-yə irad bildirib. Yanaşmaya baxın: sağlamlıqla bağlı proqramda çox əhatəli məlumat verən və hamının başa düşdüyü dildə danışan türkiyəli professora yalvarmalıymışıq ki, süd vəzi de, sən Allah, məmə demə! Gedin özünüzə iş tapın... Bütün günü boş-bekar qalıb boşuna maaş alanların yanaşmasına bax hələ... Bu düşüncə ilə bunlar medianı hara aparmaq istəyir görəsən?” – Sahil Tahirli qeyd edib.

Kimin haqlı, kimin haqsız olması ilə işimiz yoxdur. Bizim diqqətimizi cəlb edən bir dövlət orqanının rəhbərinin digər dövlət orqanını ələ salması, onun iradına belə kobud cavab verməsidir. Görəsən, Sahil Tahirli bu gücü haradan alır? O kimə və nəyə arxayındır?

Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası da Vasif Talıbovun yaratdığı mənasız qurumlardan biridir. Yəqin ki, yaxın vaxtlarda bu şura ləğv ediləcəkdir. Azərbaycanda bu adda qurum yoxdur. Media haqqında yeni qanuna görə, Azərbaycanda Audiovizual Şura yaradılıb. Naxçıvanda isə belə bir şuranın yaradılmasına ehtiyac yoxdur. Çünki muxtar respublikada cəmi bir teleradia fəaliyyət göstərir. Bir teleradioya görə, belə bir qurumun saxlanması məqsədəuyğun deyil. Görünür, Sahil Tahirli Televiziya və Radio Şurasının ləğv ediləcəyini bildiyindən, bu quruma belə kobud “hücuma keçib”. Səbəb nə olursa, olsun. Naxçıvan Muxtar Respublikasının Televizya və Radio Şurası hələ ləğv edilməyib və bir dövlət orqanıdır. Teleradio Şurasını belə ələ salmaq, onun iradına bu formada cavab vermək doğru deyil. Bu fakt bir daha onu sübut edir ki, Naxçıvanda idarəçilik sistemində böhran yaranıb, dövlət orqanlarının rəhbərləri nəzarətdən çıxıb. Ona görə də çoxları ağzına və ağlına gələni danışır. Azərbaycanın mərkəzi hakimiyyəti Vasif Talıbovun bu tör-töküntülərinin Naxçıvanda yaratmaq istədiyi özbaşınalığa son qoymalı, ciddi tədbirlər görməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı