Ekspertlər hesab edirlər ki belə qurumlar heç vaxt özbaşına hərəkət etmir və onların arxasında böyük güclər dayanır

Türkiyə-Azərbaycan birliyi, iki qardaş ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, xalqlarımız arasında iqtisadi, siyasi, mədəni münasibətlərin daim inkişaf etməsi ölkələrimizə qarşı qərəzli mövqeyi ilə seçilən qüvvələri daim narahat edib. Adətən xaricdə yerləşən belə qüvvələr, xüsusən də ermənipərəst dairələrin təsiri altında olan şəxslər, eləcə də beynəlxalq təşkilatlar Türkiyə və Azərbaycan haqqında qeyri-obyektiv, heç bir həqiqətə söykənməyən, daha çox bu dövlətlərin beynəlxalq nüfuzuna xələl gətirməyə hesablanmış məlumatları yaymaqla məşğul olurlar. Çox təəssüf ki, bu "xor kapellası"na bilərəkdən, yaxud bilməyərəkdən "züy tutan" bəzi rəsmilər də peyda olur. Bir sıra hallarda isə ermənipərəst dairələrin təsiri altına düşənlər arasında "sapı özümüzdən olan baltalar"ı da görmək olur. Bu cür insanlar şəxsi mənafeləri naminə, maddi gəlir müqabilində öz vətəninə və xalqına xəyanət yolu tutur, istənilən yalanı xaricə ötürməklə, dezinformasiya xarakterli xəbərləri kütləviləşdirməklə ölkəni, dövləti içəridən sarsıtmağa çalışırlar. Lakin bütün hallarda belə "fəaliyyət" anındaca ifşa olunur, əsl həqiqət yerini tapır ki, bununla da məkrli qüvvələr öz niyyətlərinə çata bilmirlər.

Bu günlərdə mətbuatda yer alan yazılardan bəlli olur ki, hər zaman qərəzli mövqedən çıxış edən dairələr Türkiyə və Azərbaycan prezidentlərinin möhkəm dostluq əlaqələrindən, hər iki ölkə başçısının bir-birinə hərtərəfli, qarşılıqlı dəstəyindən qıcıqlanaraq, növbəti "qara piar" kampaniyasına start veriblər. Onlar dövlət rəhbərləri arasında etimadsızlıq və nifaq toxumu səpməyə, iki qardaş ölkənin münasibətlərinə xələl gətirməyə çalışırlar. Bu dəfə belə bir "missiya"nı Türkiyə iş adamı Aydın Doğanın rəhbərlik etdiyi "Doğan Media Qrupu" həyata keçirir. A.Doğanın nəzarəti altında olan "Kanal D", "CNN Türk", "Hürriyyət", "Radikal" kimi media qurumları Azərbaycan haqqında dezinformasiyaları, uydurma faktları Türkiyə cəmiyyətinə tirajlamaqla məşğuldurlar. Türkiyə prezidentinin davamlı qələbələrini həzm edə bilməyən A.Doğan bu yolla Rəcəb Tayyib Ərdoğanın dostlarından da qisas almağa çalışır. Maraqlı məqamlardan biri də budur ki, hal-hazırda Türkiyədə Azərbaycanın əleyhinə təbliğat aparan və bu istiqamətdə fəaliyyətləri uzlaşan cəmi iki media quruluşu var. Bunlardan biri Türkiyədəki erməni mətbuatı, digəri isə A.Doğana məxsus KİV-lərdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, məhz bu KİV-lər 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin müzakirəyə çıxarıldığı zaman da Azərbaycan əleyhinə kampaniya aparmaqla məşğul olub.

Qardaş ölkə daxilində Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparılmasına, dezinformasiyaların tirajlanmasına münasibət bildirən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət "Doğan Media Qrupu"nun hər iki ölkəyə qarşı davamlı kampaniya aparmaqda ad çıxardığını diqqətə çatdırıb. Bildirib ki, bu qrupa daxil olan KİV-lər üçün türk dünyası, türkçülük anlayışı, Türkiyəyə yaxın olan dövlətlərin maraqları yaddır. Onun sözlərinə görə, A.Doğanın rəhbərlik etdiyi, əslində isə Qərb dairələri tərəfindən idarə olunan və "5-ci kolon" qismində çıxış edən bu media qurumlarının öz maraqları var: "Bu media qurumları zaman-zaman sahiblərinin maraqlarının müdafiəçisi rolunda çıxış edir, hətta Türkiyə və Azərbaycan əleyhinə qeyri-obyektiv məlumatlar yaymaqdan da çəkinmirlər. Hazırda AXCP sədri Əli Kərimlinin kurasiyasında olan və anti-Azərbaycan xarakteri daşıyan "Azərbaycan saatı" adlı proqram da bir vaxtlar "Doğan Media Qrupu"na məxsus televiziya kanalları üzərindən yayımlanırdı. Bu qrupa məxsus "Kürdün səsi" adlı telekanal anti-Azərbaycan verilişinin yayımlanmasına şərait yaradırdı. Ona görə də "Doğan Media Qrupu"nun Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətini yeni hadisə kimi qəbul etmirəm. Belə qurumlar heç vaxt özbaşına hərəkət etmirlər. Onların arxasında dayanan böyük güclər demokratiya, söz azadlığı kimi dəyərlərdən sui-istifadə edərək, dünyaya ağalıq etmək istəyirlər. Bu məqsədlə də həmin qurumlardan pul müqabilində alət kimi yararlanırlar, dövlətlərə, ölkələrə basqı kimi istifadə edirlər. Düzdür, belə yanaşmalardan Azərbaycan müəyyən mənada əziyyət çəksə də, onların qarşısında heç zaman geri çəkilməyib. Azərbaycan dövlət olaraq müstəqil siyasətini yürüdür və bu siyasətdən heç kim onu döndərə bilməz. "Doğan Media Qrupu" kimi qurumların şəxsi və biznes maraqları üzərində qurulan anti-Azərbaycan və anti-Türkiyə təbliğatının da fiaskoya uğrayacağına əminəm".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə Türkiyə və Azərbaycan əleyhinə belə faktların üzə çıxmasını vacib məqam kimi qiymətləndirib. Bildirib ki, bununla dostumuz və düşmənimiz aydın şəkildə görünür: "Türkiyə və Azərbaycanda bilirlər ki, "Doğan Media Qrupu" iki ölkənin yaxşı münasibətlərindən heç də məmnun deyil. Bu qeyri-məmnunluqdan irəli gələrək də hər iki ölkə əleyhinə təbliğat aparır. Belə yanaşmanın kökündə "Doğan Media Qrupu"nun əlaqəsinin olduğu xarici qüvvələr, siyasi dairələr dayanır. Əslində bu qrup o dairələrin mənafeyini güdür, beynəlxalq siyasi dairələrin maraqlarının müdafiəçisinə çevrilir. Bununla yanaşı, hadisələrin gedişindən həm də bu qənaətə gəlmək olur ki, "Doğan Media Qrupu"nun Azərbaycanda həyata keçirmək istədiyi, lakin buna imkan verilməyən məqsədlər var. Məhz bu səbəbdən də o qrup anti-Azərbaycan kampaniyasına geniş yer ayırıb. Əgər "Doğan Media Qrupu"nun fəaliyyəti bu gün ifşa olunubsa, Türkiyə dövləti, xalqı, siyasi dairələri də Azərbaycan kimi Aydın Doğanın sahib olduğu media qurumlarının heç də xoş niyyət güdmədiklərini anlayırlarsa, bunun özü müsbət haldır. Bu işin nəticəsi, Aydın Doğanın ifşası hər iki dövlətin xeyrinədir. "Doğan Media Qrupu" iki dövlətin birləşmiş qüvvəsinə, əsl həqiqətə qarşı güc ortaya qoymaqda acizdir".

Kaspi.az