Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri, professor Nazim Məcidov 68 yaşında vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə ali təhsil müəssisəsi məlumat yayıb.

Nazim Məcidovun dosyesini təqdim edirik:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri Məcidov Nazim Böyük-Ağa oğlu 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1987-ci ildə isə Moskvada Lenin ordenli Mərkəzi Dövlət Bədən Tərbiyəsi İnstitutunun aspiranturasını müvəffəqiyyətlə bitirmişdir.

1989-cu ildə Moskva şəhərində Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığı elmi-tədqiqat istiqamətində namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi (pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.

1993-cü ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir.

Uşaq yaşlarından cüdo güləşi ilə məşğul olmuş, sambo və cüdo üzrə dəfələrlə şəhər, respublika və ümumittifaq yarışların qalib və mükafatçısı olmuşdur. 1980-cı ildən SSRİ İdman Ustasıdır. Məşqçilik fəaliyyətindəki uğurları dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2001-ci ildə ona “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi”, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi fəxri adı, 2010-cu ildə isə Bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Müəllimi, 2021-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Bədən tərbiyəsi və idman Xadimi fəxri adları verilmişdir.

Professor Nazim Məsidov 40 ildən artiqdir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışmışdır.

1979-1994-ci illərdə Akademiyanın “Güləşmənin nəzəriyyəsi və metodikası” kafedrasında müəllim, baş müəlim, dosent vəzifəsində,

1994-2006-cı illərdə “İdmanın təkmübarizlik növləri” fakültəsinin dekanı,

2006-2016-cı illərdə Elmi işlər üzrə prorektor,

2016-cı ildən bugünədək “Bədən tərbiyəsi və idmanın nəzəriyyəsi və metodikası” kafedrasının müdiri vəzifəsində uğurla çalışmışdır.

Son illərdə Akademiyada aparılan yenidənqurma işlərində fəal iştirak etmiş, “Onlayn Universitet” layihəsi çərçivəsində Akademiyada bütün kurslar üzrə imtahan-test suallarının hazırlanması komissiyasına və Azərbaycan Cüdo Federasiyasında məşqçilərin təkmilləşdirilməsi kurslarına uğurla rəhbərlik etmişdir.

100-dən çox elmi, elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 2 dərslik, 6 metodiki vəsait, 20 tədris proqramının və çoxlu sayda elmi məqalələrin müəllifi olmuşdur.

Bununla yanaşı onun bədən tərbiyəsi və idman sahəsində gənc elmi kadrların yetişdirilməsində də əməyi böyük olmuşdur. Onun elmi rəhbərliyi altında 47 tələbə magistrlik dissertasiyası müdafiə etmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı