Yaxın Şərqdə münaqişənin şiddətlənməsi riski, İranın İsrailə neft embarqosu tətbiq etməyə çağırması fonunda çərşənbə günü qlobal bazarlarda Brent neftin bir barreli üçün qiymət 93 dolları ötüb.
Metbuat.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,6 dollar artaraq 91,5 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,8 dollar bahalaşaraq 88,46 dollar təşkil edib.
Ekspertlər deyir ki, qiymət bahalaşmasına səbəb bölgədən neft tədarükünün kəsilməsi təhlükəsi ola bilər. Qəzza şəhərindəki xəstəxanada baş verən partlayışda yüzlərlə fələstinlinin həlak olmasından sonra İsrail və Fələstin rəsmilərinin bir-birini ittiham etməsi fonunda bazarlarda qiymətlər artmağa başlayıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərində isə İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian İslam Əməkdaşlıq Təşkilatının üzvlərini İsrailə neft embarqosu qoymağa çağırıb.
“Reuters” yazır ki, “OPEC+”ölkələrinin İranın çağırışı ilə bağlı hər hansı təcili tədbir görməyi planlaşdırmır. Avstraliyanın “Commonwealth Bank”nın analitiki Vivek Dhar Brent neftinin fyuçerslərini 100 ABŞ dolları həddində olacağı qənaətindədir. O hesab edir ki, İsrail-Həmas münaqişəsinin genişlənməsi hadisələrə birbaşa İranın cəlb olunması riskini artırır.
Geosiyasi gərginliklər bir yana qalsın, neftin qiymətinin yüksəlməsini digər mənbələr də dəstəkləyir.
“The Wall Street Journal” yazır ki, amerikalı rəsmilər Səudiyyə Ərəbistanına yüksək yanacaq qiymətləri fonunda Ağ Evin onunla əməkdaşlıq üçün Konqresdən razılıq almasının daha çətin olacağını bildiriblər. Buna görə də Vaşinqtonun bazara xammal istehsalı və tədarükünün artırılmasına, qiymətlərin yüksəlməməsinə ehtiyacı var. Səudiyyə rəsmiləri istehsalla bağlı istənilən qərarın bazar şərtlərindən təsirlənəcəyini qeyd ediblər: Ər-Riyad qiymətlər kəskin bahalaşıb dünyada inflyasiyanı yenidən sürətləndirməklə qlobal iqtisadi artıma mənfi təsir edəcək həddə çatarsa, hasilat və ixracı artıracağını bəyan edib.
Amerika Neft İnstitutunun bazar mənbələrinin məlumatına görə, ABŞ-ın xam neft ehtiyatları ötən həftə 300 min barrel azalma proqnozu ilə müqayisədə gözləniləndən çox 4,4 milyon barel azalıb. Yaxın Şərqdəki vəziyyət neft qiymətlərinə təsir etdiyi bir zamanda Çin iqtisadiyyatı üçüncü rübdə gözləniləndən daha sürətli böyüyüb.
Sentyabr ayında ölkənin neft emalı zavodunun məhsuldarlığı rekord gündəlik göstəriciyə çatıb ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur. Lakin analitiklər ölkənin daşınmaz əmlak sektoru hələ də təhlükə altında olduğu üçün Çin iqtisadiyyatı ilə bağlı ehtiyatlı davranmaq düşüncəsindədirlər.
Bu arada ABŞ-da sentyabr ayında pərakəndə satışların gözləniləndən daha yüksək olması, ilin sonuna qədər növbəti faiz artımı gözləntilərini gücləndirib. Ekspertlər hesab edir ki, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrinin artırılması iqtisadi artımı ləngidə və neftə tələbi azalda bilər.