Bu gündən Milli Məclisin komitələri “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.Metbuat.az-ın məlumatına görə, gələn il dövlət büdcəsindən neçə rayona vəsait ayrılacağı məlum olub. Belə ki, 2024-cü ilin dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq.
Azərbaycanda 2015-ci il devalvasiyadan sonra, aparılan islahatların bir hissəsi olaraq yerli icra hakimiyyətləri olduqları şəhər və rayonun iqtisadi potensialı hesabına rayonlarını vəsaitlə təmin etməli, yəni öz hesablarına dolanmalı idilər.
İqtisadçı-ekspert Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirdi ki, bir rayonun özünü tam maliyyələşdirməsi dövlət tərəfindən həmin rayon üçün heç bir manat da ödənişin edilməməsi kimi başa düşülməlidir:
“Əgər həmin rayonda işləyən tibb işçisinə, müəllimə, təhlükəsizliyinə, çox saylı dövlət qurumlarının nümayəndələrinə, o cümlədən də sosial müavinət və yardım alanlara, infrastruktura çəkilən bütün xərcləri dövlətin yox, həmin rayonun daxili imkanları hesabına ödənilirsə, onda bu rayon büdcədən asılı deyil deyə bilərik. Gəlin real rəqəmlərə baxaq. 2024-cü il üçün Balakən rayonu üzrə gəlirlər 9 460 000 milyon manat təşkil edir. Balakən rayonunu 9 milyon manata saxlamaq olmaz axı. Orada olan həkimin, müəllimin, polisin, uşaq pulunun, sosial ödənişin, və s. milyonlarla digər ödənişlər büdcə üzrə digər xərc bəndlərindən ödənilir. Hesab edirəm ki, “rayonların öz-özünü saxlaya bilməsi” anlayışına yenidən baxmaq daha doğru olardı. Başqa sözlə, biz rayonun özünü saxlamasına aid olan bütün xərcləri nəzərə almırıq”.
İqtisadçı Xalid Kərimli isə hesab edir ki, hökumətin istədiyi odur ki, rayon büdcələri mümkün qədər yerli imkanlar hesabına gəlirlərini artırıb, xərclərini də azaltsınlar:
“Əvvəllər bu istiqamətdə heç bir iş görülməsə də, son bir neçə ildə, rayon büdcələrinin gəlir və xərc mümkün qədər az dotasiya olunur. Mən güman edirəm ki, hələ də regionların iqtisadi inkişafı baş tutmadıqca onların mərkəzi büdcəyə ehtiyacı olacaq.
Rayonların şəxsi büdcəsi yoxdur, onlar vergi toplamırlar, amma ümumi vergi və gömrük rüsumlarından gələn gəlirlər nəticəsində hər bir şəhərin rayonun xərcləri hesablanır. Məsələn, 2024-cü il üçün Bakı şəhəri üzrə büdcəyə toplanan gəlirlər 12 596 770 000 manat proqnozlaşdırılır. Bunun da əsas səbəbi iqtisadiyyatın əsasən Bakı şəhərində cəmlənməsidir. Bakı şəhəri ərazisində fəaliyyət göstərən fiziki, hüquqi şəxslər, sahibkarlar mənfəətdən vergi ödəyir və nəticədə də ərazinin saxlanma xərcləri formalaşır. Ayrı-ayrı rayonlar üzrə həmin rayonda fəaliyyət göstərən şəxslərin ödədiyi vergilər həmin rayonun xərclərini üstələyir. O vergilər də toplandıqdan sonra həmin rayonun cari xərcləri nəzərə alınır və toplanan vergilərin üst-üstə düşməsi və yaxud da vergilərin daha çox olması halında həmin rayon öz-özünü dolandıran rayon elan edilir. Bir sözlə, icra hakimiyyətində görüləcək işlərlə bağlı ayrılmalar və rayon ərazisindən toplanan vergilər cari xərclərlə üst-üstə düşürsə, bu, öz-özünü dolandıran, özünü maliyyələşdirən rayon kimi qeydiyyata alınır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələyə münasibəti fərqlidir:
"Hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi çox vacibdir".
Qeyd edək ki, 2015-ci ilin statistikasına əsasən ölkədə 65 inzibati rayondan Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və İmişli rayonları özlərini maliyyələşdirə bilib. Bakı şəhərinin gəlirləri 6 milyard 494 milyon manat, Sumqayıtın gəlirləri 84 milyon 964 min manat, Şirvanın gəlirləri 17 milyon 406 min manat, Mingəçevirin gəlirləri 32 milyon 761 minmanat, Abşeron rayonunun gəlirləri 36 milyon 117 min manat, İmişli rayonu üçün isə 20 milyon 903 min manat göstərilib.20 şəhər və rayonda isə gəlirlər heç 25 faizi keçməyib.2019-cu ildə isə 34 rayon xərclərini gəlirləri hesabına təmin edib.
Gülbəniz Hüseynli / Metbuat.az