“BÜTÖV” proqramı çərçivəsində növbəti görüş AzTU tələbələri ilə baş tutub - FOTO

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində növbəti görüş Azərbaycan Texniki Universitetinin tələbələri ilə baş tutub.

Metbuat.az xəbər verir ki, yüzdən çox gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur. Proqram çərçivəsində həmçinin təşəbbüs qrupları tərəfindən Qərbi Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən videoçarxların hazırlanması da planlaşdırılır.

Daha sonra Azərbaycan Texniki Universitetinin TV studiyasının direktoru Səfa Bağırov “BÜTÖV” proqramı çərçivəsində baş tutan görüşün Azərbaycan Texniki Universitetində keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın işində uğurlar arzulayan Səfa Bağırov gəncləri layihə müddətində baş tutacaq fəaliyyətlərdə aktiv olmağa çağırıb.

Tədbirin davamında “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər. Qeyd olunub ki, tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar. Son əsrlər ərzində qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsi erməni dövlət siyasəti səviyyəsində həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qərbi azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan natiqlər bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb.

Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı