Leo Dokertinin "Qafqaz gündəliyi": Qərb "U" dönüşü etmək istəyir?

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Cənubi Qafqaz Turnesi çərçivəsində Azərbaycana gəldi. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardı.

L.Dokertin Azərbaycana səfərinin detalları barədə Metbuat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirdi ki, Azərbaycanla Qərb arasında gərginləşən münasibətlər fonunda xüsusilə ABŞ və Fransanın Ermənistana verdiyi dəstək rəsmi Londonu ciddi şəkildə narahat edir:

“Böyük Britaniyanın Cənubi Qafqazda iqtisadi-siyasi maraqları var. ABŞ və Fransanın Ermənistana verdiyi dəstək indiki məqamda bu maraqlarla üst-üstə düşmür.

Ümumiyyətlə, Fransa və ABŞ son 200 ildir ki, Cənubi Qafqazda nüfuz mübarizəsi aparırlar. Yəni London Parisin regiona sirayət etməsi, dayaqlarını möhkəmləndirməsi ilə barışa bilməz. ABŞ-a gəldikdə isə London və Vaşinqton qlobal sferada müttəfiqdirlər. Amma hazırkı situasiyada, görünür, bir-birinin maraqları nəzərə alınmayıb.

L.Dokertinin Azərbaycana səfərindən sonra ABŞ-la gərginliyin müəyyən qədər səngiyəcəyini demək olar. Xüsusilə Londonun bölgədəki enerji və təhlükəsizlik maraqlarını nəzərə alsaq, L.Dokerti Azərbaycanla Ermənistan arasında sülh prosesi istiqamətində maneələri aradan qaldırmaq üçün səyləri artıracaq”.

Ekspert qeyd etdi ki, Dokertinin səfəri fonunda rəsmi Bakı ilə noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinməsi də diqqət çəkir.

“Düşünürəm ki, ola bilsin ki, bu səfər və noyabrın 30-da baş tutacaq görüşdən sonra növbəti danışıqlar Azərbaycan Prezidentinin təklif etdiyi kimi, Tiflisdə baş tutsun”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı