Gələn il bu marka benzin bahalaşa bilər - AÇIQLAMA

“Avro-5” standartına keçidlə əlaqədar olaraq Azərbaycanda son illərdə idxal edilən avtomobillər yalnız “Aİ-95” premium markalı benzinlərdən istifadə etməklə istismara yarayır. Proqnozlar görə, bu markadan olan benzinə tələbat artacağı təqdirdə qiymət bahalaşa bilər”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib.

İqtisadçı qeyd etdi ki, hökumət 2024-cü ilin birinci rübünə qədər Azərbaycanın daxilində satılan “Aİ-92” markalı benzinin və dizelin qiymətlərini artırmaq haqqında düşünməyəcək:

“Nə 2024-cü ilin büdcə proqnozlarında, nə də Hesablama Palatasının rəyində “Aİ-92” markalı benzinin aksiz dərəcələrinin artırılması ilə bağlı məqamlara rast gəlinməyib. Yəni daha çox qiymət artımını “Aİ-95” və “Aİ-98”premium markalı idxal olunan benzinin qiymətində baş verə bilər. Bildiyiniz kimi, “Aİ- 92” markalı benzinin qiyməti ilə bağlı Tarif Şurası qərar verir. Neft emalı zavodunda həyata keçirilən yenidənqurma, modernləşmə işlərindən və ora ayrılacaq xərclərin artıb artmamasından asılı olaraq qiymət məsələsinə baxıla bilər”.

Mövzuya münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Xalid Kərimli Metbuat.az-a açıqlamasında vurğuladı ki, SOCAR son bir il ərzində qiyməti aşağı salmaq barədə düşünsə də, bu barədə qərar qəbul edilmədi:

“Ölkədə Aİ-92 markalı benzinin qiyməti normaldır, amma Aİ-95 və Aİ-98 markalı benzin hətta dünya bazar qiymətlərindən də bahadır.Ola bilsin ki, qiymətlər tələb və təklif arasında yaranan disbalans nəticəsində dəyişsin.

Qeyd edim ki, hazırda Azərbaycanda beniz qiymətləri Amerikadan da bahadır. Onlarda istifadə olunan benzinin qiyməti 1 manat 20 qəpik və ya 1 manat 50 qəpik arasında dəyişir. Biz isə hazırda 2 manatdan bu benzini alırıq”.

Xatırladaq ki, bəzi məlumatlara görə, gələn il Azərbaycanda premium markalı “Aİ-95” və super markalı “Aİ-98” benzinin qiymətinin artması gözlənilir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı