Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbir keçirib - FOTO

Hərbi Prokurorluq Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.

Metbuat.az xəbər verir ki, Qəbələ rəhbərliyi və ictimaiyyəti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə keçirilən tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzərək nəhəng tarixi şəxsiyyətin və qəhrəman vətən övladlarının ruhlarına ehtiram ifadə olunub.

Mərasimdən əvvəl Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar eyni zamanda millətimizin böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.

Tədbirdə həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə və uğurlu antiterror əməliyyatları xüsusi vurğulanmaqla Vətən müharibəsindən, antiterror əməliyyatlarından, o dövrlərdə prokurorluğun, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Daxili Qoşunlarla, eləcə də aidiyyəti royonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Tədbirdən sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb, xidmətdə fərqlənən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı