Azərbaycan Çexiya üçün dost ölkədir - Senatın sədri

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, Senatın sədri ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından parlamentlərarası münasibətlərin önəmini qeyd edib. O, həmçinin deyib ki, münasibətlərimiz funksional və tarazlaşdırılmış səviyyədədir. Azərbaycan Çex Respublikası üçün dost ölkədir.

Miloş Vıstrçil müasir dövrdə enerji məsələlərinin əhəmiyyətini vurğulayaraq Azərbaycanla ölkəsi arasında enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı niyyətlərini də ifadə edib.

Görüşdə Azərbaycanın etibarlı tərəfdaş olduğu, Avropanın neft-qaz tədarükçüsü kimi əhəmiyyətli rolu vurğulanıb. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb. O cümlədən Azərbaycan ilə Çexiya arasında humanitar sahədə əməkdaşlığın əhəmiyyəti də vurğulanaraq diqqətə çatdırılıb ki, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi, mədəni tədbirlərin qarşılıqlı əsasda keçirilməsi mühüm əhəmiyyət daşıyır.

S.Qafarova ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və görüşlərin, siyasi məsləhətləşmələrin intensivləşməsinin vacib rol oynadığını qeyd edib. Bildirib ki, bu baxımdan dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər əlaqələrin daha da inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Milli Məclisin sədri bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, qanunverici orqanlar arasında münasibətlərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini vurğulayıb. Diqqətə çatdırılıb ki, parlamentarilərimiz arasında təmasların gücləndirilməsi həm qanunverici orqanlarımızın əməkdaşlığının daha da dərinləşdirilməsinə, həm də iki ölkə ictimaiyyətinə obyektiv məlumatların verilməsinə, ölkələrimiz arasında həqiqətdən uzaq məlumatların yayılmasının qarşısının alınmasına xidmət edər.

Çexiya Senatının sədri, həmçinin Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatlar, o cümlədən mina təhdidləri, antiterror tədbirləri, Azərbaycanın münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüsləri barədə məlumatlandırılıb. Mövcud vəziyyətlə bağlı qeyri-obyektiv, yanlış informasiyalara əsaslanaraq qəbul edilən qətnamələrin sülh prosesinə zərbə vurduğunu bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı