Süveyş və Panama kanalları vasitəsilə malların çatdırılmasında problemlər yaranıb.
Metbuat.az-ın məlumatına görə bu barədə Financial Times (FT) məlumat verib. Qəzet yazır ki, Süveyş kanalındakı problemin səbəbi Yəmən husilərinin hücumları ilə bağlıdır. Panama kanalında nəqliyyatı iflic edən səbəb quraqlıqdır.
Hətta bu səbəbdən, iki ən böyük nəqliyyat arteriyası bağlana bilər.
Böyük Britaniyanın MDS Transmodal şirkətinin məlumatına görə, nəqliyyat marşrutları qlobal bazar üçün böyük əhəmiyyət kəsb edir. Ekspertlər qeyd ediblər ki, üçüncü rübdə Asiyadan Şimali Amerikaya və ya əksinə konteyner daşımalarının yarıdan çoxu Süveyş və ya Panama kanallarından keçməli olub.
Qəzetə danışan adı açıqlanmayan avropalı tacir, daşıma tariflərinin arta biləcəyini deyib. İxrac və Beynəlxalq Ticarət İnstitutunun baş direktoru Marko Forgione qeyd edib ki, vəziyyət həll olunmazsa, çatdırılma problemləri 2024-cü ilə qədər davam edəcək.
Gülbəniz Hüseynli / Metbuat.az