Rayonlarda kreditlər niyə bahadır? - AÇIQLAMA

"Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır. Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır:

"Bu xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə, regionlarda sərmayə qoyluşlarının artırılmasına əngəl olur".

Deputat qeyd edib ki, Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır:

"Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər.

Kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı