Bakı, 5 iyun, R.Quliyev, AZƏRTAC
Paytaxtda mayın 19-da baş vermiş yanğın faciəsindən sonra poliuretanla üzlənmiş binaların fasadlarının bütün ölkə ərazisində ləğvinə qərar verildi və bir neçə gün ərzində sökülmə işləri başa çatdı. Artıq Bakının bəzi yerlərində yeni fasad örtüklərinin quraşdırılmasına başlanılıb. Bir çox yerlərdə fibrosement panellərin istifadəsinə üstünlük verilib.
Bəs fibrosement nədir və onun hansı texniki özəllikləri cavabdeh qurumlara əminliklə belə bir qərar verməyə imkan yaradır?
AZƏRTAC-ın müxbiri bu aktual məsələ ilə bağlı Synergy Group ASC-nin Biznesin İnkişafı üzrə meneceri Əvəz Quliyevə müraciət edib.
- Fibrosementi (lifli sement) ötən əsrin əvvəllərində avstriyalı mühəndis Lüdviq Haçek icad edərək, 1901-ci ildə “Eternit” (latinca “aeternitas” əbədi mənasındadır) adı altında patentləşdirib. “Fibro” dedikdə materiala möhkəmlik gətirən liflər nəzərdə tutulur. Liflər sement və başqa mineralları bir-birinə möhkəm bağlayaraq son məhsula möhkəmlik verir. Ötən yüz il ərzində bu texnologiya təkmilləşdirildi, əvvəllər istifadə olunan zərərli asbest lifləri təhlükəsiz sellüloz liflərlə əvəz edildi.
Fibrosementin tərkibinə tamamilə insan orqanizminə ziyanı olmayan kvars qumu, sement, sellüloz və su daxildir. Əsas tərkib hissələri ilə yanaşı fibrosement panellərin istehsalında həmçinin kaolin, dam örtüklərinin istehsalında isə mikrosilika, eyni zamanda PVA və əhəng daşından köməkçi maddələr kimi istifadə olunur.
Fasad üçün fibrosement üzləmə lövhələri müxtəlif qalınlıqlı və formalarda istehsal olunur. Fibrosement lövhələri hamar və ya teksturalı, ağac, kərpic, daş bəzəkli, habelə üstü laminatlı ola bilər. Fibrosement lövhələri hər növ tikinti, bəzək (tamamlama) və dekorasiya işlərində istifadə üçün istehsal olunur. Dünyada daha çox “saydinq” adı ilə tanınan fasad üzləmə lövhəsi binaları üzləmək üçün istifadə olunan dekorativ, eyni zamanda qoruyucu materialdır. Fasad üzləmə lövhəsi oda davamlı, çürüməyən, həşəratın zərər verə bilmədiyi, rəngi günəşin ultrabənövşəyi şüaları altında uzun illər solmayan, inanılmaz möhkəmliyə malik üzləmə materialıdır. Məhsulun geniş ölçü, forma və rəng çeşidi mövcuddur.
Fibrosement Azərbaycan tikinti bazarında yeni məhsuldur. İstifadəçilər onu bir çox hallarda "betopan" kimi tanıyır. "Betopan" da lifli sement materialı olmasına baxmayaraq, fibrosementdən fərqlənir. "Betopan"-ın istehsalında sellülozik liflərin yerinə ağac yonqarları istifadə olunur. Bəzi texniki parametrləri fibrosementə yaxın olsa da yanmaya davamlılıqda daha aşağı göstəricisi vardır. Yəni, fibrosement yanmaz material olaraq A1 sinfinə aiddir. Betopanisə gec alışan material olaraq B1 sinfinə aid edilir. Eyni zamanda fibrosementin emalı da betopan ilə müqayisədə bir çox üstünlükləri var (məsələn yonulma prosesində).
Onu da qeyd etmək lazımdır ki, fibrosement məhsullarının istehsalı üçün avtoklav bərkimə texnologiyasından istifadə olunur. İstehsal zamanı 6-8 saatlıq ilkin bərkimə mərhələsindən sonra xam məhsul avtoklavlara ötürülərək yüksək temperatur və təzyiqli buxarın təsiri altında tamamilə bərkiyir. Bundan sonra fibrosement məhsulu özünün unikal yekun xüsusiyyətləri olan möhkəmliyini və müxtəlif iqlim şəraitlərinə davamlılığını qazanır.
Synergy Group ASC “Davamlı Gələcəyə Doğru” şüarına sadiq qalaraq, sənaye sektorunu prioritet sahə hesab edir və tikinti materiallarının istehsalına iri həcmli investisiyalar yatırır. İnvestisiya şirkəti geniş bazar araşdırması apararaq fibrosementin ən mütərəqqi tikinti materiallardan biri olduğunu müəyyən etmiş və həmin məhsulun istehsalını qurmaq məqsədilə “Azerbaijan Fibro Cement” MMC (AFC) törəmə şirkətini təsis edib. Müasir texnologiyalara söykənərək, şirkət Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda bina fasadları və dam örtükləri, habelə daxili məkan üçün fibrosement lövhələrinin ilk istehsalçısı olacaqdır.
“Azerbaijan Fibro Cement” zavodu Sumqayıt Kimya Sənaye Parkında yerləşəcək.


