28 dekabr “Vəkil Günü” peşə bayramı ərəfəsində Vəkillər Kollegiyasının təntənəli iclası keçirildi - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə “Vəkil Günü” peşə bayramı kimi qeyd edilməsi qərara alınıb. Xüsusilə qürurverici haldır ki, “Vəkil Günü” xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən və müstəqil vəkillik institutunun əsasını qoyan 28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunla bağlıdır. Əziz xatirəsi daim yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilən Ulu Öndər Heydər Əliyevin cari ildə 100 illik yubileyinin qeyd olunması bu peşə bayramını vəkil korpusu üçün hər zamankından daha əlamətdar edir.

Metbuat.az xəbər verir ki, peşə bayramı ərəfəsində dekabrın 27-də “Fairmont” mehmanxanasında müstəqil Azərbaycan vəkilliyinin banisi, dahi lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Vəkillər Kollegiyasının (VK) təntənəli mərasimi keçirilib.

Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Baş prokurorun müavini Heydər Məmmədov, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Polis Akademiyasının rəisi Canpolad Daanov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov da daxil olmaqla, bir sıra təhsil müəssisəsinin nümayəndələri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələri iştirak edib.

Mərasimi VK-nın sədri Anar Bağırov açıq elan edib. Sonra, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Akademik Filarmoniyasının xor orkestrının ifasında Dövlət Himni səsləndirilib.

Sonra, VK-nın 2023-cü il üzrə hesabat videosu nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Anar Bağırov qarşıdan gələn “Vəkil Günü” peşə bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hər kəsi təbrik edib, Kollegiyanın ötən 6 il ərzindəki fəaliyyətindən, son dövrlər görülən işlərdən danışıb. Diqqətə çatdırılıb ki, 2018-ci ildən VK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak etmiş 4594 namizəddən 1401 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 44 namizəd vəkil andı içərək Kollegiyaya qəbul olunub. Beləliklə, vəkillərin sayı 2431 nəfərə çatıb.

Anar Bağırov qeyd edib ki, hazırda and içənlər sırasında Vətən müharibəsi iştirakçısı, qazi Elman Məcidov da var. Nəzərə çatdırılıb ki, Elman Məcidov 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə könüllü iştirak edib. Qazimiz Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. O, müharibədən sonra cənab Prezident tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

VK-nın “Heydər Əliyev İli” ilə bağlı görülən işlərdən danışan sədr Ümummilli Lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalandığını, Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığını və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyini vurğulayıb.

Azərbaycanın post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biri olduğunu bildirən Anar Bağırov ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktların, çoxsaylı sərəncamlar və digər sənədlərin qəbul edildiyini, heç bir dövlət qurumunun vəkillik fəaliyyətinin işinə müdaxilə edə bilmədiyini, qanunla da bu məsələ həllini tapdığını, o cümlədən hazırda vəkillik fəaliyyəti yeni dövrünü yaşayaraq inkişaf etdiyini dilə gətirib. Bu da Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Sədr xatırladıb ki, 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və VK-nın təşkilatçılığı ilə “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfrans keçirilib: “Rəsmi şəxslərin iştirak etdiyi tədbirdə bir çox vəkillərimiz fikir və təklifləri dinlənildi. Çox şadıq ki, bizim bir çox təkliflər aparılan islahatlarda sonradan nəzərə alındı. Təbii ki, hörmətli Mehriban xanım Əliyevanın da bu qayğısı, diqqəti bizim üçün çox əziz, doğma və dəyərlidir”.

Daha sonra, tədbirdə vəkilliyin inkişafına verdiyi töhfəyə və səmərəli əməkdaşlığa görə məhkəmə hakimiyyətindən Konstitusiya Məhkəməsi, qanunvericilik hakimiyyətindən Milli Məclis, icra hakimiyyətindən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, hüquq-mühafizə orqanlarından Baş Prokurorluq, ali təhsil müəssisələrindən ADA Universiteti və hüquq müdafiəçilərindən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 2023-cü ilin “Vəkilliyin dostu” mükafatı ilə təltif edilib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında bütün hüquq ictimaiyyətini peşə bayramı münasibətilə təbrik edib, onlara vacib fəaliyyətlərində yeni uğurlar arzulayıb. Son illər VK-da görülən işlərdən danışan sədr qeyd edib ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında ilk olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ön plana çəkilməsi vətəndaş cəmiyyətində olduqca vacib rol oynayır. Diqqətə çatdırılıb ki, 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən VK müstəqil bir qurum kimi öz fəaliyyətini təsdiqlədi. Sevindirici haldır ki, Kollegiya və vəkil korpusu cəmiyyətin ən yüksək çəkisi olan, nüfuzlu, hörmətli bir quruma çevrilib, kadr potensialı artıb. Düşünürəm ki, Konstitusiya Məhkəməsinin qapıları hər bir vəkilə açıqdır, sizin hər birinizin fikri bizim üçün çox vacibdir.

Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə çıxış edərkən Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hüquq sisteminin möhkəmlənməsi istiqamətində gördüyü işlərə toxunub. Milli Məclislə VK arasında səmərəli əməkdaşlığın olduğunu deyən Əli Hüseynli bu gün fəaliyyətə başlayan vəkillərin Azərbaycanda hüquq və ədalətin təməl prinsiplərinin möhkəmlənməsi istiqamətində əzmlə fəaliyyət göstərəcəklərini vurğulayıb. Nəzərə çatdırılıb ki, vəkillərin peşə bayramının “Heydər Əliyev İli”ndə keçirilməsi rəmzi bir məna daşıyır. Vəkillər insanları, vətəndaşları qoruyur, hüquqlarını müdafiə edir. Heydər Əliyev isə bütün Azərbaycan xalqını qoruyurdu və bütün dünya azərbaycanlılarının hüquq müdafiəçisi idi. O, daxilən çox böyük bir demokrat, insan hüquqlarına daim həyat verən, qanunçuluğa hörmət və ehtiramla yanaşan bir şəxsiyyət idi. Ümummilli Lider bizim yaddaşımızda böyük hüquqşünas və hüquq müdafiəçisi kimi qalıb.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev söyləyib ki, vəkillik hüquqi dövlətin əsas sütunlarından biridir və hazırda "ASAN xidmət" mərkəzlərində vəkillər tərəfindən vətəndaşlara peşəkar hüquqi yardım göstərilir. "ASAN xidmət" təkcə dövlət xidmətlərinin göstərildiyi bir məkan deyil, həm də dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlıq platformasıdır. Burada 400-ə yaxın xidmət göstərilir. Onlardan biri də hüquqi yardım və məsləhət xidmətidir. "ASAN xidmət"ə gündəlik 40 minə yaxın vətəndaş müraciət edir. Onların keyfiyyətli hüquqi yardımla təmin olunması "ASAN Xidmət"in nüfuzunun artırılmasında xüsusi rol oynayır.

Baş prokurorun müavini Heydər Məmmədov Baş prokuror Kamran Əliyevin və prokurorluq orqanlarının kollektivinin təbriklərini çatdırıb, başda VK-nın sədri Anar Bağırov olmaqla bütün vəkil həmkarlarını peşə bayramı münasibətilə təbrik edib, hər birinə şəxsi və işgüzar həyatlarında uğurlar arzulayıb. O, məhkəmə-hüquq sistemində aparılan köklü islahatlardan, prokurorluq orqanları ilə VK arasında son illərdə möhkəmlənmiş işgüzar əlaqələrdən danışıb.

Tədbirdə çıxış edən Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə VK-da son illər görülən işlərə, vəkillərin cəmiyyətdə fəaliyyətinə toxunub. O, Hüquq və İnsan Haqları İnstitutunda vəkillərin də fəaliyyət göstərdiyini, eyni zamanda bir neçə əməkdaşın vəkilliyə namizəd olduğunu dilə gətirib.

Polis Akademiyasının rəisi Canpolad Daanov vurğulayıb ki, hüquqi dövlətdə vəkillik institutunun inkişafı, vəkillik statusu çox önəmli bir məsələdir. O, son illər VK-da bu istiqamətdə bir çox işlərin görüldüyünü bildirib: “Düşünürəm ki, 10-15 il bundan əvvəl bu qədər vəkili bir araya toplamaq mümkün deyildi. Kollegiyanın sədri Anar Bağırov artıq bunu bacarıb. Qeyd etmək istərdim ki, son bir neçə ildə Vəkillər Kollegiyasının üzvləri ilə daxili işlər orqanları əməkdaşlarının birgə səmərəli əməkdaşlığı mövcuddur. Hər birinizin gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Daha sonra mərasimdə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Kollegiyanın üzvü, Ağsaqqallar Şurasının rəhbəri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov, “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun müdiri Aslan İsmayılov çıxış edərək vəkilləri peşə bayramı münasibətilə, o cümlədən vəkilliyə namizədləri təbrik edib, onlara gələcək fəaliyyətlətlərində uğurlar arzulayıb.

Həmçinin, mərasimdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Səmərəli əməkdaşlığa görə”, o cümlədən II “Yüksəliş” müsabiqəsinin qalibi Ramil Abulov "Yüksəliş" müsabiqəsinin idarəçi rəhbəri Anar Bağırov ilə 1 illik fərdi inkişaf - mentorluq proqramını müvəffəqiyyətlə bitirdiyinə görə təltif olunublar.

Tədbirdə VK-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqənin qalibi olmuş Polis Akademiyasının komandası və ELSA Azərbaycan tərəfindən Kollegiyanın tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının IX buraxılışının qalibi adını qazanmış “Libertas” komandası təltif ediliblər.

Sonra, mərasimdə Vəkil Marşı səsləndirilib. Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi olub, vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr, reyestrdən çıxarışlar və döş nişanları təqdim edilib.

Daha sonra, vəkilliyə namizəd olan qazi Elman Məcidov çıxış edib, vəkil peşəsinə yiyələndiyi üçün qürur duyduğunu, vəkilliyə qəbulun daimi əsaslarla keçirilməsi ilə bağlı VK Rəyasət Heyətinə minnətdar olduğunu vurğulayıb.

Eyni zamanda, mərasimdə VK-nın bu ildən beynəlxalq qeydiyyatlara alınan və yeni formatda buraxılan “Azərbaycan vəkili” jurnalının təqdimatı keçirilib. Vəkillər Kollegiyası Akademiyasının rektoru, h.e.d., professor Əmir Əliyev çıxışında elmi-praktiki jurnalın əhəmiyyətindən danışıb.

Bundan başqa, 2023-cü il ərzində ən çox ödənişsiz hüquqi yardım aksiyasında iştirak etdiyinə görə Gəncə şəhər 1 saylı Vəkil Bürosu ilə Naxçıvan Respublikasının Vəkillər Kollegiyası “İlin vəkil qurumu”, il ərzində VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Biznes Hüququ Komitəsi “İlin vəkil komitəsi”, il ərzində dövlət hesabına hüquqi yardım göstərən vəkillər sırasında ən çox uğurlu nəticə əldə etdiyinə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev “İlin vəkili”, il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Kredo” Vəkil Bürosunun vəkili Vüsalə Muradxanlı “İlin təlimçi vəkili” elan olunub.

Sonda, fəaliyyətləri dövrlərində fərqlənən və habelə yubileylərini qeyd edən Kollegiyanın bir qrup üzvləri təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR