İrəvanın növbəti "qarın ağrısı": "Sülhün əldə edilməsi uzana bilər"

Ermənistan Milli Asambleyasının Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan bildirib ki, İrəvan Bakı ilə sadələşdirilmiş gömrük və sərhəd rejimi məsələsini müzakirə etməyə hazırdır, lakin “maneəsiz yol” bura aid deyil.

Xandanyanın iddiasına görə, bu fakt Ermənistanın suverenliyinin pozulmasına dəlalət edir və “maneəsiz keçid” anlayışı Ermənistanın “qırmızı xətt”i sayılır.

Metbuat.az xəbər verir ki, Xandanyanın açıqlamasını şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, bu davranışları ilə Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar edir:

“Ermənistan rəhbərliyi ilə bu problemin sülh müqaviləsinin mətninə salınıb-salınmadığı aydın deyil. Əgər, Ermənistan tərəfi bu mövqeyindən geri çəkilməsə, sülhün əldə edilməsi uzanacaq. Ümumiyyətlə, Azərbaycan Ermənistan ərazisindən dəhliz istəmir və bu ölkənin suverenliyini qəbul edir. Azərbaycan maneəsiz giriş-çıxışda maraqlıdır. Bu məsəyə misal kimi Rusiya ilə onun vilayəti olan Kalinqrad arasında Latviyadan keçən dəmiryol xətti maneəsiz giriş- çıxışı göstərə bilərik. Ermənistan rəhbərliyi isə bu təklifi qəbul etmək istəmir”.

Politoloq hesab edir ki, Ermənistanın nəzarəti ilə giriş-çıxış təmin olunması təhlükəsizlik müstəvisində risklidir. Məhəmməd Əsədullazadə düşünür ki, Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsi mümkündür.

Onu da bildirək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti çərçivəsində növbəti görüş yanvarın sonunda baş tuta bilər.

Bu açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan edib. Xatırladaq ki, 2023-cü ilin noyabr ayının 30-da da belə bir görüş baş tutmuş və mühüm qərarlar verilmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı