"Azərbaycan vəkili" jurnalı dərc edilib - FOTO

“Ölkəmizdə müasir beynəlxalq akademik tələblərə cavab verən elmi-praktik hüquq jurnalı dərc edilir”.

Bu barədə Metbuat.az-a Vəkillər Kollegiyasının (VK) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hüququn müxtəlif sahələrində elmi məqalələrin dərc edilməsi, o cümlədən elmi tədqiqatlar hazırda ən aktual məsələlərdən biridir:

“Belə istiqamətlərdən biri də vəkillik fəaliyyəti və insan hüquqlarının müdafiəsidir ki, bu da geniş elmi tədqiqatlar və araşdırmalar tələb edir. Bunu nəzərə alaraq uzun müddətdir ki, nəşr edilən “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayı yeni formatda və məzmunda, o cümlədən müasir yanaşmalar üzərində qurulmaqla nəşr edilib. Jurnalın əsas məqsədini vəkillik institutunun inkişafı ilə bərabər, bu istiqamətdə ən mühüm problemlərə elmi yanaşma və həlli yollarının müəyyən olunması təşkil edir. Jurnalın özəl xüsusiyyətlərdən biri ondan ibarətdir ki, burada qanunvericilik və praktika arasında real əlaqələndirilmə aparıla biləcək, vəkillər bu sahədə öz biliklərini və elmi tədqiqatlarını “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalı vasitəsilə realizə edə biləcəklər. Bu jurnalda xarici vəkillərin də iştirak edəcəyi bir imkan formalaşır. Təsisçisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası olan jurnalın baş redaktoru Kollegiyanın Rəyasət Heyətinin sədri, h.ü.f.d Anar Bağırovdur. Jurnalın redaksiya heyətində görkəmli yerli və beynəlxalq (ABŞ, Almaniya, Ukrayna, Rusiya, Qazaxıstan, Türkiyə, Moldova və s.) hüquq alimləri-tanınmış vəkillər təmsil olunub. Jurnal beynəlxalq identifikasiya kodu İSSN 3006-0974 və beynəlxalq rəqəmsal obyekt identifikatoru DOİ: 10.61638/ ALJL2023 nömrələri ilə 300 tirajla dərc edilib”.

Nəzərə çatdırılıb ki, müəllifləri tanınmış və gənc alimlər, hüquqşünas tədqiqatçı və vəkillərin olduğu jurnalda dərc edilən elmi məqalələr redaksiya heyəti tərəfindən müsbət rəylər alıb və plagiat sistemindən keçirilib, bir neçə dildə xülasə ilə verilib:

“Jurnal ildə bir neçə nömrə ilə Vəkillər Kollegiyasının vəsaiti hesabına dərc ediləcəkdir. Jurnalın hüquqşünas tələbələr arasında yayımlanması, o cümlədən tələbələrin də elmi tədqiqatlarının əks olunduğu bir yayım olması müəyyən edilib. Jurnalın özəl xüsusiyyətlərindən biri də elmi məqalələrin yazılması və akademik hüquqi yazı ilə əlaqədar mütəmadi treninqlərin keçirilməsi işinin təşkildir. Treninqlərin keçirilməsində əsas məqsəd beynəlxalq reytinq sistemlərinə daxil olan jurnalların təcrübəsindən bəhrələnərək elmi məqalələrin səviyyəsinin qaldırılması və istifadə edilən mənbələr siyahısının genişləndirilməsi, o cümlədən dünyanın müxtəlif regionlarında nəşr edilən elmi əsərlər barədə məlumatlılığın artırılmasıdır. İlk belə treninq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası ilə Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatşılığı ilə 13 yanvar 2024-cü il tarixdə keçiriləcəkdir”.

“Bu işdə xarici alimlərin də daxil olduğu redaksiya heyətinin də aktivliyi həyata keçiriləcək, yalnız müvafiq elmi yeniliyi təsdiq ediləcək elmi məqalələr çap olunacaq. Yaxın vaxtlarda jurnalın bir neçə xarici dillərdə yeni saytının təqdimatı baş tuatacaq ki, burada da elmi məqalələrin yazılması, nəşri və beynəlxalq sistemlər barədə video-roliklər əks olunacaqdır. Jurnala Azərbaycan, ingilis və rus dillərində məqalələr qəbul olunur. Jurnalın beynəlxalq reytinq siyahılarında təmsil olunması üçün bütün imkanlardan istifadə olunması həyata keçiriləcək, redaksiya heyətinə daha nüfuzlu tədqiqatçılar cəlb ediləcəkdir. Bundan başqa, jurnalın başqa xarici jurnallarla əməkdaşlığının qurulması istiqamətində müqavilələrin imzalanması, təcrübələrin bölüşdürülməsi mütəmadi olaraq həyata keçiriləcəkdir”, - Kollegiyadan bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı