İrəvan yenə sayıqlayır: Sülhə gedən yolda Ermənistan niyə maneə yaradır?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə keçirdiyi mətbuat konfransında Azərbaycan sülh müqaviləsinə münasibəti barədə açıqlama verib.

Mirzoyan deyib ki, Ermənistan Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görür.


Ermənistan XİN rəhbərinin sözlərinə görə, Ermənistan bu məqamlar üzərində işləyib ə öz konstruktiv təkliflərini göndərib. Mirzoyan qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində prosesin aydın səbəbləri göstərilməlidir. Bəzi mənbələrin məlumatına görə Azərbaycan- Ermənistan arasında sülh müqaviləsinin imzalanması bir qədər yubana bilər.

Bu barədə Metbuat.az-a danışan AMEA-nın Qafqazşünaslıq İnstitunun ermənişünaslıq şöbəsinin müdiri Elnur Kəlbizadə bildirdi ki, Ermənistan tərəfindən verilən bütün müsbət adlandırıla biləcək açıqlamalara baxmayaraq bu prosesin qısa zamanda baş verəcəyini söyləmək olmaz:

“Əsas sual bundan ibarətdir: bizə hansı sülh müqaviləsi lazımdır? Fundamental məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldıran sülh müqaviləsi, yoxsa həmin problemlərin həllini gələcəyə saxlayan və sadəcə olaraq müzakirələr üçün şərait yaradan sülh müqaviləsi.

Fikrimcə, biz elə bir sülh müqaviləsi imzalamalıyıq ki, ən azından fundamental məsələlərlə bağlı problemləri aradan qaldırsın. Ermənistanın üçtərəfli bəyanatla və digər razılaşmalarla üzərinə götürdüyü lakin hələ də əməl etmədiyi öhdəlikləri var. İndiki halda Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi qəti və aydındır. Prezident İlham Əliyev dünən televiziyalara verdiyi müsahibəsində də prinsipial məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini aydın şəkildə açıqladı. Ermənistanın mövqeyində isə hələ də dəqiq olmayan məqamlar qalmaqdadır. Baş nazir Nikol Paşinyan bir tərəfdən müsbət açıqlamalar verir, digər tərəfdən Ermənistanda fərqli addımların və cəhdlərin şahidi oluruq. Ermənistan bir tərəfdən özünü sülhün tərəfdarı kimi göstərməyə, digər tərəfdən isə onlar üçün əlverişli geosiyasi şəraitin yaranmasına qədər prosesləri ləngitməyə çalışır”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların fəaliyyəti çərçivəsində növbəti görüş yanvarın sonunda baş tuta bilər.


Analitiklər hesab edir ki, bu görüşdə Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsi mümkündür. Fevralın 7-də ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bir çoxlarını maraqlandıran suallardan biri də sülh müqaviləsinin seçkidən sonraya saxlanılması ilə bağlıdır.

Bu suala cavab olaraq Elnur Kəlbizadə qeyd etdi ki, sülh müqaviləsinin seçkilərdən əvvəl və ya sonra imzalanmasının isə Azərbaycan üçün elə bir fərqi yoxdur:

“Azərbaycan xalqı Heydər Əliyev siyasətinə səs verəcək. Bu o deməkdir ki, Azərbaycanın mövqeyi indi nə qədər güclü, nə qədər qətiyyətlidirsə, xalqdan yenidən böyük dəstək alan Prezidentin mövqeyi bundan iki qat güclü, bundan daha qətiyyətli olacaq. Qalanını Ermənistan düşünsün...”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı